“ASAN Radio”da “Ədibin Evi”ndən klassik hekayə nümunələri səslənəcək.
Bu barədə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva bildirib.
“Oxunun insan əqlinə təsiri fiziki məşğələlərin bədənə gətirdiyi faydalı təsirə bərabərdir. Elmi araşdırmalar sübut edir ki, kitab oxumaq yaddaş zəifliyinin qarşısını almaqdan zehni gərginliyin azaldılmasına qədər bir sıra sağlam nəticələrə gətirir. Maraqlıdır ki, dünya ölkələrinin inkişaf göstəricilərini araşdırarkən savadla sağlamlığın sıx əlaqədə olması bir reallıq kimi üzə çıxır. İcraçı direktoru olduğum “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu fəaliyyətində gənc nəsli diqqətdə saxlayaraq “oxu” mədəniyyətini gücləndirmək, xalqa və Vətənə sevginin aşılanmasında ədəbiyyatımızın rolunu vurğulamaq niyyətindədir. Lakin burada qarşılaşdığımız digər bir reallıq var - bu günün öyrənciləri ilk rəqəmsal nəslin nümayəndələridir. Onlar həyatlarının əsas hissəsini texnologiya, o cümlədən mobil cihazlarla keçiriblər və interneti bilik dünyasının əsas qapısı kimi görürlər. “Ədibin Evi” rəqəmsallaşma ilə maariflənmə arasında sürətlə artan əlaqəni nəzərə alaraq növbəti layihəsini bu reallığa uyğun qurub. İyunun 1-dən etibarən “ASAN Radio” 100 FM-in sosial media səhifəsi vasitəsilə yayımlanacaq “Ədibin Evindən Hekayələr” adlı oxuya həvəsləndirmə layihəsi Mir Cəlal və digər klassiklərimizin qısa hekayə janrına aid ölməz əsərlərini rəqəmsal vasitə ilə gənclərə təqdim edəcək. Peşəkar aktyorlar və tanımış ictimai simalar tərəfindən səsləndiriləcək qısa hekayələr, eləcə də onları ifa edənlərlə kitabın həyatımızdakı əhəmiyyəti mövzusunda müzakirələri qısa çarxlar şəklində internetlə ölkəmizin bütün guşələrinə əlçatan olub lazımlı tədris materialına çevriləcək. Müəllim və şagirdlər bu hekayələri dinləməklə yanaşı, sinif otağında, ailədə, dostlar ətrafında onlar haqda fikir mübadiləsinə qoşulub tənqidi təhlil apara biləcək, oxu və yazı qabiliyyətlərini inkişaf etdirmək üçün ilham alacaqlar. Bununla da, hər əsərlə nəinki yeni obrazlarla tanış olub, həmin obrazlarda özlərini və özlərinə aid xüsusiyyətləri də tapa biləcəklər.
“Kitab qədər sadiq dost yoxdur”! yazıçı Ernest Heminqueyin bu deyimi rəqəmsal dünyada belə aktuallığını itirmir. Oxucularımızı iyun ayından “ASAN Radio” 100 FM-in sosial media səhifələrində “Ədibin Evindən Hekayələr” layihəsini izləməklə yeni sadiq dostlar qazanmağa dəvət edirik”, - deyə fondun icraçı direktoru bildirib.