İyunun 1-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Ustad Erzianın dünyaları. Bakı” adlı uşaq rəsmləri sərgisi açılacaq.
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan sərgidə müxtəlif ölkələri təmsil edən, heykəltəraş Stepan Erzianın yaradıcılığından ilhamlanmış uşaqların 50 işi nümayiş etdiriləcək.
Sərgidə 6-16 yaşlı uşaqlar iştirak edirlər. İştirakçıların coğrafiyası çox genişdir: Moskva, Bakı, Saransk, Genuya, Tallinn və başqa şəhərlər. Sərgiyə gələnlər rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət janrlarında işlərlə tanış olacaqlar.
Sərginin açılış mərasimində müsabiqənin Bakıdan olan qalibləri onlayn rejimdə təltif ediləcək, tədbirin qonaqlarına heykəltəraş Stepan Erzianın həyat və yaradıcılığından bəhs edən kiçik tanıtım filmi göstəriləcək.
Stepan Erzia adına Beynəlxalq İncəsənət Fondunun tərəfdaşı “INV Models” uşaq model agentliyi moskvalı məşhur dizayner Anastasiya Mişinanın “Çiçək kolleksiyası” adlı moda dəstini təqdim edəcək.
Sərginin kuratoru S.D.Erzia adına Beynəlxalq İncəsənət Fondunun art-direktoru Vlada Prosvirkinadır.
“Ustad Erzianın dünyaları. Bakı” sərgisi XX əsrin görkəmli heykəltəraşı Stepan Dmitriyeviç Erzianın (1876-1959) 145 illiyinə həsr edilib. Onun həyat və yaradıcılığı Azərbaycanla sıx bağlı olub.
Xatırladaq ki, “Ustad Erzianın dünyaları” adlı Beynəlxalq Uşaq Yaradıcılığı Müsabiqəsi 2016-cı ildə S.D.Erzia adına Beynəlxalq İncəsənət Fondunun təşəbbüsü ilə təsis edilib. İlk müsabiqədə Rusiya, Azərbaycan, İtaliya, Estoniya, Argentina və digər ölkələrdən olan gənc rəssamlar iştirak ediblər. Fond müsabiqə çərçivəsində uşaqlara heykəltəraş Stepan Erzianın həyat və yaradıcılığı motivləri əsasında öz əsərlərini yaratmağı təklif edir. Xüsusi komissiya bu işləri seçir, onların ən yaxşıları Fondun kolleksiyasında qalır və sonradan Rusiya şəhərlərində, habelə xarici ölkələrdə sərgilərdə nümayiş etdirilir.
“Ustad Erzianın dünyaları. Bakı” adlı Beynəlxalq Uşaq Yaradıcılığı Müsabiqəsi Erzia Fondunun və Heydər Əliyev Mərkəzinin “Heykəltəraş Erzia və onun bakılı şagirdləri” adlı yeni birgə Rusiya-Azərbaycan mədəni layihəsinin tərkib hissəsidir. Bu layihənin 2022-ci ildə Bakıda reallaşdırılması nəzərdə tutulur.
Müsabiqə çərçivəsində uşaq işlərinin eyniadlı səyyar sərgisi formalaşıb. Bu sərgi 2020-ci ildə Moskvada nümayiş etdirilib və “Saf rənglər” adlı Beynəlxalq Uşaq və Gənclər Təsviri Yaradıcılığı Festivalı çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasında göstəriləcək.