Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Elmir Hüseynov: Yaxın vaxtlarda “Dəmir yumruq” adlı kompozisiya təqdim etməyi planlaşdırırıq
24.06.2021

Yaxın vaxtlarda tamaşaçılara “Dəmir yumruq” adlı kompozisiya təqdim etməyi planlaşdırırıq. Biz bu layihəni Sirkin yaradıcı heyəti tam formalaşandan sonra həyata keçirməyə çalışacağıq.

Bu sözləri Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov deyib.

“Bu möhtəşəm layihəyə bir qədər aydınlıq gətirərək qeyd etmək istərdim ki, əlində şəmşir, məşəl tutan cəngavərlər (aktyorlar), vətənin keşiyində daim ayıq-sayıq duran və zirehli dəbilqələrində daha əzəmətli görünən döyüşçülərimiz düşmən üzərinə hücuma keçərək zəfər çaldıqları anları tamaşaçıların gözü qarşısında nümayiş etdirəcəklər. Mübarizlik coşqusu ilə çağlayan səhnələr, akrobatik rəqslər, rəngarəng şou proqramları ilə müşayiət olunacaq. Gələcəkdə bu ideyanı bir az da genişləndirib kompozisiyaya teatral quruluş verməyə çalışacağıq. Ümid edirik ki, bizim həyəcanla izlədiyimiz 44 günlük Vətən müharibəsi uşaqlarımızın bir cəngavər döyüşçü ruhunda böyüməsinə öz təsirini göstərəcək” – deyə, E.Hüseynov bildirib.

Bu günlərdə Bakı Dövlət Sirkinin 75 illik yubileyinə həsr olunmuş yubiley proqramının diskinin işıq üzü gördüyünü söyləyən Elmir Hüseynov bildirib ki, indi balaca qəhrəmanlarımız heç bir yerə getmədən televizor qarşısında bir-birindən maraqlı səhnələrə, çıxışlara böyük həvəslə tamaşa edə biləcəklər.

O deyib: “Bakı Dövlət Sirki də öz növbəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı böyük Qələbədən ruhlanaraq yaradıcılıq layihələri ilə mədəniyyətimizə öz töhfəsini verməyə çalışır. Doğma Azərbaycanı göz bəbəyi kimi qorumaq babalarımızdan qalan əmanət kimi hər zaman müqəddəs amalımız olmuşdur. Ana Vətənimizin günü-gündən çiçəklənməsi naminə çalışmaq, mübariz olmaq da hər birimizin vətəndaşlıq borcudur”.

Qeyd edək ki, bu günlərdə Bakı Dövlət Sirkinin rəsmi veb-saytı da (circus.az) istifadəyə verilib.

Oxşar Xəbərlər

    ×