Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
BMT-nin ali nümayəndəsi Ağdam rayonuna səfər edib
23.06.2021
İyunun 22-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Füzuli rayonundan sonra Ağdama səfər edib. Qonağı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli müşayiət edib. BMT-nin ali nümayəndəsi Ağdamın indiki vəziyyəti, burada işğalçı Ermənistan Respublikasının törətdiyi vəhşiliklər, eləcə də tarixi, dini və mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumatlandırılıb. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərinin Baş planı ilə tanış olan Migel Angel Moratinosa həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı şəhərin yenidən qurulmasının təməli qoyulub. BMT-nin ali nümayəndəsi Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində olub. İşğal edilən ərazilərdəki digər tarixi tikili və abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb, saray tövlə kimi istifadə edilib. Qonaq daha sonra Ağdam şəhər Cümə məscidində ermənilərin törətdikləri barbarlıqla da tanış olub. Bildirilib ki, Ermənistan tərəfi məscidi sırf hərbi məqsədlər üçün istifadə etdiklərinə görə tam dağıtmayıblar. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları tanınmaz vəziyyətə salınıb. İşğalçılar  Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.   Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərə müsahibəsində işğaldan azad olunmuş ərazilərdə inventarlaşdırma və mühafizə məqsədilə aparılan monitorinqlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə indiyədək 1500-dək abidənin monitorinqi başa çatdırılıb və bu fəaliyyət davam edir. Qeyd edib ki, monitorinqin nəticələrinə uyğun olaraq növbəti strateji bərpa prosesi dəqiqləşdirilir və bu işdə aidiyyəti dövlət orqanları ilə sıx əlaqələr qurulub: “Artıq Şuşa şəhəri üzrə inventarlaşdırma tam başa çatdırılıb. Həmin abidələrin elektron xəritəsi də mövcuddur. Bu xəritə “Google earth” proqramı əsasında qurulub. Tezliklə onun da təqdimatı keçiriləcək. Gələcəkdə isə bu proqramın ictimaiyyətə açıq versiyasını da hazırlamağı düşünürük”. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin işğaldan azad olunmuş rayonlarımıza səfərinə də toxunan Dövlət Xidmətinin rəisi bildirib ki, bu səfər Azərbaycan həqiqətlərini, eləcə də erməni vandalizmini, dağıntıları, mənimsəmə faktlarını dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq baxımından xüsusi önəm daşıyır. Migel Angel Moratinos Ağdama səfəri ilə bağlı mətbuata açıqlama verib: “İşğaldan azad olunmuş Azərbaycan ərazilərindəki vəziyyəti gəlib gözümüzlə gördük. Ermənilər tərəfindən bu yerlərdə olan məscidlərin, teatr və hotel binalarının dağıdılması bizi çox kədərləndirir və hər birimizdə çox ağır təəssüratlar yaratdı. Biz gələcəyi düşünürük və ümid edirik ki, Azərbaycanın gözəl və zəngin tarixi abidələri olan bu ərazilər bərpa olunacaq, buralara həyat qayıdacaq”.
Oxşar Xəbərlər

    ×