Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
BMT-nin ali nümayəndəsi Füzuli rayonunda erməni barbarlığı ilə tanış olub
23.06.2021
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos ölkəmizdə səfərdədir. İyunun 22-də ali nümayəndənin Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən tarix-mədəniyət abidələrimizə, mədəni və dini irsimizə qarşı həyata keçirdiyi vandalizm aktları ilə tanış olmaq məqsədi ilə Füzuli və Ağdam rayonlarına səfəri təşkil olunub. BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini Füzuli rayonuna səfərində mədəniyyət naziri Anar Kərimov müşayiət edib. Səfər iştirakçılarına əvvəlcə rayonun Qaraxanbəyli və Merdinli kəndlərində yerləşən məscidlərdə və qəbiristanlıqda törədilmiş erməni barbarlığı haqqında məlumat verilib. Sonra Füzuli şəhərində “Araz” qəzetinin redaksiyasının, rayon Mədəniyyət evinin, Məhəmməd Füzulinin heykəlinin dağıntı və qalıqlarına, 1879-cu ildə inşa edilmiş məscidin olduğu əraziyə baxış olub. Migel Anhel Moratinos Qarğabazarı kəndində qədim karvansaraya, hamam və XVII əsrə aid məscidin qalıqlarına da baxıb. BMT-nin ali nümayəndəsi Migel Anhel Moratinos jurnalistlərə açıqlamasında burda gördüyü mənzərədən danışıb: “Füzuli rayonunda gördüyüm mənzərə məni dəhşətə gətirdi. Bu yerlərin dağıntılara məruz qalması, ərazilərin tarixi-mədəni, dini irsinin yerlə yeksan edilməsi, müqəddəs məkanların təhqir olunması qəbuledilməzdir”. Ali nümayəndə qeyd edib ki, insanlar fərqli olsalar da, bu, bizi bir-birimizdən ayırmamalı, əksinə, bizi birləşdirən dəyər olmalıdır: “Bütün xalqlar bu müxtəliflikləri qəbul edərək bir-birilərinə hörmət və anlayışla yanaşmalıdırlar. Çünki sülh və beynəlxalq hüquq prinsipləri və normalarının riayət edildiyi mühit bizim iradəmizi ifadə etməyə şərait yaradır və bütün bəşəriyyətə sülh və rifah gətirir”. Mədəniyyət naziri Anar Kərimov Migel Anhel Moratinosun işğaldan azad olunan ərazilərə səfər edən ilk yüksək vəzifəli BMT təmsilçisi olduğunu vurğulayıb: “BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri bizim Zəfərimizdən sonra bu qurumun ölkəmizə ilk yüksəksəviyyəli nümayəndəsinin tarixi səfəri kimi də əlamətdardır. Bu, eyni zamanda, Azərbaycana göstərilən dəstəkdir”. Qeyd edib ki, Migel Anhel Moratinos Füzulidə bir neçə yerə baxış keçirib və erməni vandallığının şahidi olub: “BMT-nin ali nümayəndəsi gördü ki, bizim torpaqlarımız, bizim irsimiz hansı vəziyyətdədir. Əsasən də dini məbədlərimiz, məscidlərimiz dağıdılıb, ya da ki, vandalizmə məruz qalıb”. Mədəniyyət Nazirliyinin Füzuli rayonu ilə bağlı gələcək planlarından danışan Anar Kərimov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli və Cəbrayıl rayonlarının baş planları hazırlanır: “Aidiyyəti qurumların rəhbərləri ilə bu istiqamətdə müzakirələr aparacağıq ki, Füzulinin yenidən qurulması hansı formada olacaq. Prezidentin tapşırığı var ki, hər bir dağıdılmış şəhərimizdə İşğal və Zəfər muzeyləri inşa edilsin. Bu yaxınlarda Ağdamda dövlətimizin başçısının iştirakı ilə təməlqoyma mərasimi də keçirildi. Füzulidə də belə muzeylərin yaradılması planlarımız var”.
Oxşar Xəbərlər

    ×