Kino mədəniyyətin ən vacib sahələrindən biridir. Çünki kino öz-özlüyündə kitabı, musiqini həm də teatrı əlaqələndirir. Kino sahəsini inkişaf etdirmək nəinki insanı, mədəni irsi tapmaqda mühüm rol oynayır, eyni zamanda öz mədəniyyətimizi dünyaya çatdırmağa kömək edir.
Bu sözləri Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan Azərbaycan Film Komissiyasının təqdimat mərasimində verdiyi müsahibəsində söyləyib.
“İki il öncə Türkiyədə film sənayesində dəyişikliklər aparmağa başladıq. Əlbəttə məqsədimiz ölkəmizi tanıtmaq idi. Biz yerli firmalara dəstək verib, əcnəbi kinoşirkətləri də Türkiyəyə dəvət etməklə onların çəkdiyi filmlərdə Türkiyə görüntülərini dünya ictimaiyyətinə təqdim edərək öz mədəniyyətimizi nümayiş etdirməyə çalışmışdıq. Belə bir layihənin Azərbaycanda da qəbul edilməsinin doğru olduğunu görürəm. Düşünürəm ki, bu yolla Azərbaycanın mədəniyyəti, tarixi bir məcrada toplanacaq və dünya qarşısında təbliğ olunacaq. Hələ Qarabağı azad edən azərbaycanlıların dünyaya verəcəyi mesajları var. O mesajları kino vasitəsilə ötürməyi doğru olduğunu düşünürəm. Azərbaycan-Türkiyə qardaşlığı hər bir sahədə özünü göstərdiyi kimi, kino sahəsində də göstərəcək. Əlbəttə mədəniyyət və təhsil önəmli bir sahələrdir və bunları isə kino birləşdirir”, – deyə Ahmet Misbah Demircan vurğulayıb.