Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Milli Məclisdə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin davamlı inkişafından bəhs edilib
02.07.2021

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Türkiyənin ölkəmizdə yeni fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, komitə sədri dahi rəhbərlər - Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarının ruhuna, fəlsəfəsinə uyğun olaraq, Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin mövcudluğundan danışıb. Bildirib ki, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi bu dostluq və qardaşlığı yeni səviyyəyə qaldırıb.

Qənirə Paşayeva diqqətə çatdırıb ki, qardaş ölkələrimizin parlamentləri səviyyəsində də işbirliyi öz yüksək səviyyəsi ilə seçilir. Parlament sədrlərinin dəstəyi ilə qarşılıqlı maraq doğuran məsələlər mütəmadi olaraq müzakirə edilir, o cümlədən mədəni əlaqələrin daha da inkişafı ilə bağlı ardıcıl işlər görülür. Strateji müttəfiqliyimizi təsbit edən Bəyannamənin məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanması özünəməxsus rəmzi məna daşıyır.

Hər iki ölkənin parlamentlərində qarşılıqlı əlaqələr üzrə geniştərkibli işçi qruplarının fəaliyyət göstərdiyinin məmnuniyyətlə vurğulandığı görüşdə, həmçinin bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq qurumlarda bir-birini daim dəstəkləyir, ortaq mövqedən çıxış edirlər.

Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm tarixi köklərə malik olduğunu vurğulayan səfir Cahit Bağçı səmimi görüşə görə təşəkkürünü bildirib. Səfir Azərbaycanda çox tarixi bir dövrdə diplomatik fəaliyyətə başlamasından böyük şərəf duyduğunu diqqətə çatdırıb.

Görüşün sonunda Qənirə Paşayeva Cahit Bağçıya dekorativ sənət nümunəsi olan “Xarıbülbül” xatirə hədiyyəsi təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Oxşar Xəbərlər

    ×