Azərbaycan Yazıçılar Birliyində (AYB) rəhbərliyin toplantısı keçirilib.
Birlikdən bildirilib ki, iştirakçılar uzun illər boyu AYB-nin birinci katibi işləmiş Xalq şairi Fikrət Qocanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Xəbər verildiyi kimi, birliyin birinci katibi vəzifəsini icra etmək Xalq yazıçısı Çingiz Abdullayevə həvalə olunub. Birliyin katibi Rəşad Məcid sədrin müavini təyin edilib. Elçin Hüseynbəyli və Səlim Babullaoğluna birliyin katibləri vəzifəsini icra etmək tapşırılıb.
Katiblər arasında iş bölgüsü müəyyənləşdirilib. Ağsaqqallar Şurasının sədri Xalq şairi Nəriman Həsənzadə və Gənclər Şurasının sədri Fərid Hüseyn katibliyin üzvləri təsdiq olunub. Hazırda 21 üzvü olan Gənclər Şurasının tərkibinin 31 nəfərdən ibarət olması razılaşdırılıb. Sayman Aruz sədrin müşaviri təyin edilib.
Azərbaycan yazıçılarının pandemiyaya görə təxirə salınmış XIII qurultayının bu ilin oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılır. Qurultaya qədər olan müddətdə hazırlıq işləri aparılması və Nizamnaməyə görə seksiya və bölgələr üzrə qurultayda nümayəndələr seçilməsi nəzərdə tutulur.