A.P.Çexov adına XV Beynəlxalq teatr festivalının təşkilatçıları rus tamaşaçılarını Azərbaycan muğam sənəti ilə tanış etmək üçün Xalq artisti Alim Qasımovu ansamblı ilə birgə Moskvaya qastrol səfərinə dəvət edib.
TASS agentliyinə istinadla xəbər verir ki, tamaşaçılar Moskva beynəlxalq musiqi evinin səhnəsində iyunun 3 və 4-də klassik fars şairlərinin şeirlərinə bəstələnmiş “Dünya sevgi üzərində qurulub” kompozisiyasını dinləmək imkanı əldə edəcəklər.
“Muğam XVII əsrin ortodoksal poetik mətnləri üzərində yazılmış, ilahi sevgini tərif edən Azərbaycanın ənənəvi ecazkar musiqisidir. Rus dilində bu mətnləri Rimma Kazakova və Yevgeniy Yevtuşenkonun tərcüməsində oxumaq olar”, - deyə festivalın mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, muğam 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu gün dünyada ən məşhur muğam ifaçısı Alim Qasımov hesab olunur. Onun ifa tərzi unikaldır, o, muğamın çoxəsrlik, həmçinin caz və müasir kompozisiya kimi müxtəlif janrların mürəkkəb və yenilikçi qaydalarına söykənən, dərin biliklərə malik bir ifaçıdır.