Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
İğdırda “Ata Ocağı Muzeyi” yaradılıb
05.07.2021

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu İğdırın Qaraqoyunlu kəndindəki ata yurdunu milli mədəniyyət tariximizin qorunduğu muzeyə çevirib.

Ata yurdundakı ərazidə ikimərtəbəli ev tikən Səfər Qaraqoyunlu burada “Ata Ocağı Muzeyi” yaradıb. “TRT Haber” telekanalı başda olmaqla Türkiyənin aparıcı media qurumlarının diqqətlə yanaşdığı bu addım əsl vətənpərvərlik nümunəsi kimi dəyərləndirilib.

Açıq havada qurulmuş muzeydə bölgənin mədəniyyət tarixini əks etdirən 162 ədəd tarixi əşya toplanıb. Bölgədəki Azərbaycan türklərinin tarixi, mədəniyyəti, zəhmətsevərliyi, genetik yaradıcılıq istedadı bu muzeydə əşyalar vasitəsilə ziyarətçilərə əyani olaraq çatdırılacaq.

Səfər Qaraqoyunlu saytımıza açıqlamasında bildirib ki, muzeyin yaradılmasında məqsəd əcdadlarımızın min bir əziyyətlə, böyük yaradıcılıq istedadı əsasında ortaya çıxardıqları əşya və alətləri gələcək nəsillərə çatdırmaq, tarixi həyat izlərinin itməsinə imkan verməməkdir.

Geniş ictimaiyyətə məlum olduğu kimi İSTAD sədri Səfər Qaraqoyunlu həm fərdi, həm də rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə daim Azərbaycan həqiqətlərinin gündəmdə qalmasına böyük töhfələr verib. Təcavüzkar Ermənistanın Azərbaycana qarşı otuz il mövcud olmuş işğalçılıq siyasətini ifşa etmək İSTAD-ın fəaliyyətində hər zaman ana xətt kimi qorunub. Qırx dörd günlük Vətən müharibəsi günlərində də Səfər Qaraqoyunlu başda olmaqla bütün İSTAD üzvləri ənənəvi və sosial media üzərindən Azərbaycan həqiqətlərinin yayılmasında fəal olublar.

İndi Qaraqoyunluda “Ata Ocağı Muzeyi” yaradılıb. Bizim üçün ən xoş olan haldır ki, İSTAD-ın hər məkanda olduğu kimi, açıq havada qurulmuş bu muzeydə də Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır.

Oxşar Xəbərlər

    ×