Milli Məclisin deputatı Soltan Məmmədov Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub. Mərkəzin Baş katibi Rövşən Muradov, Baş katibin müavini İlahə İbrahimli və təşkilatın əməkdaşları ilə görüşdə qurumun ötən dövrdəki fəaliyyəti və gələcək planları müzakirə edilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bosniya və Herseqovinada təşkil etdiyi “Qərbi Balkanda vəziyyətin qiymətləndirilməsi: irəliyə yol” mövzusunda ilk post - COVID-19 pandemiyası konfransının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, mərkəzin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal fəaliyyətlərə töhfə verməkdir. Bununla yanaşı, Azərbaycanın görkəmli mütəfəkkiri Nizami Gəncəvi irsinin araşdırılması və təbliği təşkilatın əsas hədəfləri sırasındadır.
Görüşdə mərkəzin Nizami Gəncəvi irsinin beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində Heydər Əliyev Fondu ilə əməkdaşlığın mümkün istiqamətləri haqqında təkliflər səsləndirilib. Bu sahədə atılacaq birgə addımların əhəmiyyəti vurğulanıb.
Azərbaycana beynəlxalq aləmdə çoxsaylı dostlar qazandıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ölkəmiz üçün faydalı işlər gördüyü qeyd edilib.