M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın tədqiqatçı alimləri” seriyasından tərtib etdiyi növbəti biblioqrafiya görkəmli ədəbiyyatşünas alim, publisist, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun anadan olmasının 90 illiyinə həsr edilib.
Kitabxanadan bildirilib ki, 1957-2021-ci illəri əhatə edən bu biblioqrafiya daha da təkmilləşdirilib, yeni bölmələr və yarımbölmələr əlavə edilib. Azərbaycan, rus və digər dillərdə ədəbiyyatı əhatə edən göstəricidə Teymur Əhmədovun əsərləri – kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, habelə həyat və yaradıcılığını əks etdirən zəngin material toplanıb.
İlk dəfə olaraq “Teymur Əhmədov dünya kitabxanalarında” və “Teymur Əhmədov dünya universitet kitabxanalarında” bölmələri də hazırlanaraq biblioqrafiyaya daxil edilib. Biblioqrafik göstəricidə materiallar xronoloji prinsip əsasında qruplaşdırılmış, daxildə əlifba sırası gözlənilib.
Kitabda “Teymur Əhmədovun həyat və yaradıcılığının əsas tarixləri”, “Teymur Əhmədov yaradıcılığından seçmələr”, “Görkəmli şəxsiyyətlər Teymur Əhmədov haqqında” bölmələri də öz əksini tapıb.
Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda Teymur Əhmədovun əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri tərtib edilib.
Biblioqrafiya ədəbiyyatşünaslar, tədqiqatçılar, jurnalistlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/Teymur_Ehmedov.pdf linkindən istifadə edə bilərlər.