Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Rauf Bəhmənlinin “Azərbaycan qədim rəqs havaları” kitabının onlayn təqdimatı keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, təqdimata ev sahibliyi edən elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “Azərbaycan qədim rəqs havaları” kitabının Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində nəşr olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, bu tədqiqatı müəllifin yaradıcı uğuru ilə yanaşı, elmi-tədqiqat laboratoriyasının və hətta musiqi mədəniyyətimizin möhtəşəm uğurunun nəticəsi hesab etmək olar. Zəngin irsə malik olan Azərbaycan folkloru daima araşdırılmalı və yüksək müstəvilərdə təqdim olunmalıdır.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə “Azərbaycan qədim rəqs havaları” kitabının işıq üzü görməsində böyük bir zəhmətin, uzun illər əzmlə aparılmış tədqiqatların bəhrəsinin nəticəsinin olduğunu vurğulayıb: “Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəyli daima milli-mənəvi dəyərlərin, elmin keşiyində dayanıb və dəstəkləyib. Bunun nəticəsi olaraq bir çox dəyərli araşdırmalar, tədqiqatlar işıq üzü görüb”.
Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, akademik Rəfael Hüseynov “Azərbaycan qədim rəqs havaları” kitabının dərc olunmasının Azərbaycanın mədəni və elmi həyatında son dərəcə əlamətdar bir hadisə olmasını bildirib.
“Ümumiyyətlə hər zaman yeni kitabın yaranması, ictimaiyyətə təqdim olunması bir bayramdır, yeni-yeni elmi araşdırmalar üçün üfüqlərin açılmasında önəmli hadisədir. Bu gün bu tədbirdə iştirak edən insanların elmimizə, mədəniyyətimizə, düşüncə tariximizə əvəzsiz töhfələr verməsi, sədaqətli xidmətləri daima qiymətləndirilməli və önə çıxarılmalıdır. Azərbaycan rəqslərinin araşdırlması, toplanması və dərc olunması böyük bir zəhmət, peşəkarlıq tələb etdiyindən bu yolda Rauf Bəhmənliyə dəstək olan, zəhməti keçən hər bir kəsi alqışlayıram. Təqdim olunan kitab mədəniyyətimiz üçün əvəzsiz töhfədir və erməni plagiatının qarşısının alınmasında əvəz olunmaz vasitədir”, - deyə R.Hüseynov söyləyib.
Ü.Hacıbəyli adına BMA-nın tədris üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva iştirakçıları salamlayaraq tədbirin önəmliyini vurğulayıb. Qeyd edib ki, Prezident, İlham Əliyevin müvafiq Sərəncamına əsasən BMA-nın 100 illiyi keçirilir və bütün tədbirlər yubiley çərçivəsində qeyd olunur: “Təqdim olunan kitabın yubileyimiz üçün əvəzsiz hədiyyə olduğunu qeyd etmək istərdim. Olduqca mürəkkəb tədris ilinin sonunda bu cür möhtəşəm tədbirin keçirilməsi bizim hamımız üçün uğurlu stimuldur. Mütləq şəkildə bu cür elmi araşdırmalar müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinə təqdim olunmalıdır. Belə olduğu təqdirdə yad əllər bizim mədəniyyətimizə uzanmaz və erməni plagiatına son qoyular”.
Kitabın etnomusiqişünaslığın bütün norma və qanunlarına, tələblərinə cavab verdiyini xüsusilə qeyd edən Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova müəllifi təbrik edərək, araşdırmanın müxtəlif dillərə tərcümə olunaraq dərc olunması təklifi ilə çıxış edib.
Sonda bütün iştirakçıları, dəyərli qonaqları, elm xadimlərini salamlayan və dərin minnətdarlığını bildirən Rauf Bəhmənli 38 illik yaradıcı illərin, axtarışların uğurlu bəhrəsi olan “Azərbaycan qədim rəqs havaları” kitabına verilən dəyərə görə çox böyük qürur hissi keçirdiyini söyləyib.
Ü.Hacıbəyli tərəfindən təməli qoyulmuş ənənənin davam etdirilə bilməsinə görə, Azərbaycan xalq rəqslərinin toplanılmasında, öyrənilməsi və dərc olunmasında dəstəyi, zəhməti olan hər bir kəsə təşəkkür edib.