Yəmənli jurnalist Əbdül Həmid Əl-Kibi “Əl Hərir” informasiya portalında “Bakı: Mədəniyyət, turizm və gözəlliklər şəhəri” sərlövhəli məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə simasını heyrətamiz şəkildə dəyişən, daha da gözəlləşən Bakının dünyanın ən ecazkar şəhərlərindən biri olduğu qeyd olunur. Müəllif yazır ki, Xəzərin sahillərində yerləşən bu möhtəşəm şəhər son illər turistlərin ən çox sevdiyi məkana çevrilib. Burada müasir göydələnlər qədim memarlıq ənənələri ilə valehedici sintez yaradır.
Məqalədə ərəbdilli oxuculara Bakının simasını dəyişən və şəhərə gözəllik verən “Alov qüllələri” kompleksi, dünya memarlığının incilərindən biri olan Heydər Əliyev Mərkəzinin binası, Xalça Muzeyi, Azərbaycan Milli Tarix Muzeyi, teatrlar, qədim abidələr haqqında məlumat verilir. Həmçinin diqqətə çatdırılır ki, Azərbaycan paytaxtı orta əsrlərdə Böyük İpək Yolunun üzərində ən mühüm şəhərlərdən biri olub.
Müəllif Bakıda fəaliyyət göstərən sənaye müəssisələri, o cümlədən Bakı Gəmiqayırma Zavodu və neft-kimya təsisləri, aparıcı institutlar və elmi mərkəzlər, universitetlər haqqında da məlumat verir.