Moskvada “İRS-Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi nəşrin baş redaktoru Musa Mərcanlının “İkinci Qarabağ müharibəsi: müharibədən sülhə” adlı məqaləsi ilə açılır. Məqalədə 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqı üçün təkcə böyük siyasi və iqtisadi deyil, həm də mənəvi əhəmiyyəti qeyd olunub. Baş redaktor vurğulayıb ki, jurnalın yeni nömrəsində İkinci Qarabağ müharibəsindən bəhs edən silsilə yazılar dərc olunub.
Jurnalda oxuculara İkinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələrinin Azərbaycan şəhərlərini artilleriya atəşinə tutması və bu terror aktlarının nəticələrini əks etdirən fotoşəkillər, “Azərbaycan rayonları -2020: Ermənistan dövlət terrorizmi” məqaləsi, Rusiya jurnalisti Andrey Vasilyevin “Qarabağ bloknotundan”, “İkinci Qarabağ müharibəsi: birinci gün”, “Dərbəndin qədimdə və orta əsrlərdə hərbi strateji əhəmiyyəti” və digər materiallar təqdim olunub.