Avqustun 12-də çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri Xalq şairi Qabilin anadan olmasının 95-ci ildönümü tamam olacaq.
Xalq şairi Qabilin 95 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xalq şairi Qabil – 95” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə görkəmli şairin həyat və yaradıcılığı haqqında materiallar, mükafatları, əsərləri, fotolar nümayiş olunur.
Qeyd edək ki, yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. Onun yaradıcılığı rəngarəng və çoxşaxəlidir. Əsərlərində həm lirik ovqata köklənmiş məhəbbət və əsrarəngiz təbiətin tərənnümü, həm də fərdi psixoloji durumdan doğan poeziya nümunələri istənilən qədərdir. Saf, müqəddəs məhəbbət və Abşeronlu, Qarabağlı, Muğanlı, Milli, Şirvanlı, Şəkili Azərbaycan təbiəti şairin əbədi, tükənməyən ilham qaynaqları olmuşdur.