Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı G.Məmmədova “Çəng” musiqi aləti haqqında videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda musiqi aləti haqqında ətraflı məlumat verilib.
Çəng–simli musiqi alətidir. Çağdaş arfanın sələfidir. Arfanın ən qədim növüdür. Bir sıra Şərq xalqlarının çəngi olsa da, Azərbaycanda olanı ən böyük diapozonlusu olub. Azərbaycan çənginin 31-32 simi olub.
Eramızdan çox-çox əvvəllərə aid edilən çəng musiqi aləti XVI əsrin II yarısına kimi Azərbaycanda istifadə edilib.
Onun üzünə ceyran və ya balıq dərisi çəkilir, simləri ipək və ya bağırsaqdan hazırlanıb. Orta əsrlərdə Azərbaycanda çox geniş yayılmış qədim musiqi alətlərindən biridir. Yazılı mənbələrdə və miniatür sənət əsərlərində çəng haqqında məlumat olduqca çoxdur.
Şərq əfsanələrində bu alətin ilahi qüvvə tərəfindən yaradıldığı deyilir. Hətta onu "Müqəddəs mələk" də adlandırıblar.
Videoçarxı kitabxananın feysbuk və yutub kanallarından izləyə bilərsiniz.