Respublika Gənclər Kitabxanası istifadəçilərini Qarabağ uğrunda gedən Vətən müharibəsinin qəhrəmanları, igid oğulları, cəsur əsgərləri ilə tanış etmək məqsədilə Vətən müharibəsinin qaziləri, igid döyüşçüləri ilə silsilə canlı yayımlarını davam etdirir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan növbəti canlı yayımın qonağı müharibə iştirakçısı, qazi 36 gün erməni əsirliyində olmuş, Azərbaycan Ordusunun igid əsgəri Anar Əliyev olub.
Canlının ilk dəqiqələrində qazi Anar izləyicilərə özü haqqında məlumat verdi. Sonradan könüllü olaraq döyüş bölgəsinə yollanmağından, əsasən Cəbrayıl və Füzuli rayonları ərazisində olduğu döyüşlərdən, müharibənin təəssüratlarından, harada və necə yaralanmasından söhbət açdı. Dəfələrlə düşmənlə yaxın məsafədə olan igid əsgərimiz sonradan əsir alınmasından danışıb. Canlı yayımda əsirlik həyatının acı xatirələri, ağlasığmaz işgəncə və zülmləri, erməni “həkimlərinin” həkimlikdən uzaq davranışları dilə gətirilib.
Anar yalnız özü haqqında danışmaqla kifayətlənməyərək, onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarından böyük ehtiramla söhbət açıb. Qonaq dəfələrlə düşmənin necə namərdcəsinə döyüşməsindən, döyüş bölgəsindən qaçmasından, insani hərəkətlərdən uzaq olan terrorist davranışlarından – Gəncə və Bərdənin namərdcəsinə raket hücumuna məruz qalmasından da danışıb.
Canlı yayımın sonunda qazi Anar Əliyev Respublika Gənclər Kitabxanasına bu səpkili canlı yayımların təşkilinə görə öz minnətdarlığını bildirib.
İstifadəçilər qazi Anar Əliyev iştirakı ilə keçirilən canlı yayıma kitabxananın instaqram səhifəsindən baxa bilərlər.