Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Elçin Hüseynbəyli: “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı dövrün mənzərəsini əks etdirən poetik bir ensiklopediyadır
24.09.2021

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ideyası ilə ərsəyə gələn “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabında Cəbrayıl haqqında xatirə və düşüncələrimi, Cəbrayılın özəllikləri, Qarabağın işğalı və indiki qələbəmizin əhəmiyyəti ilə bağlı xatirə-esse yazısı ilə çıxış etmişəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, tanınmış yazıçı Elçin Hüseynbəyli Bakı Kitab Mərkəzində “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı zamanı deyib.

“Xiffət, lənət və sevgi” adlı yazısında Cəbrayılın etnoqrafik həyatı, uşaqlıqda gördüyü və indiki Cəbrayılın bütün özəlliklərinin əks olunduğunu söyləyən Elçin Hüseynbəyli deyib: “Yazıda Qarabağın gələcəyi haqqında düşüncələrim də yer alıb. Bu kitab təkcə Cəbrayılla bağlı deyil, eyni zamanda, işğaldan azad olmuş bütün torpaqlarımız haqqındadır. Kitabda oxucular, ötən əsrin 80-ci illərində Şuşada olmuş Anar, Elçin və digər yazıçıların xatirələri ilə tanış ola bilər. Kitabda həmçinin Qarabağda doğulub boya-başa çatan şairlərinin əsərləri də yer alıb. Bütün bunlar əlbəttə ki, oxucular üçün maraqlıdır. Mən deyərdim ki, bu kitab dövrün mənzərəsini əks etdirən poetik bir ensiklopediyadır. Düşünürəm ki, kitab olduqca dəyərlidir, hətta orta məktəblərdə də tədris oluna bilər. Kitabxanalara gələn oxucular da bu yeni nəşrdən Qarabağla bağlı istədikləri məlumatı əldə edə bilərlər”.

Qeyd edək ki, “Təhsil” nəşriyyatında çap edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 528 səhifəlik kitabın ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, “Ön söz” müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.

Kitabın üz qabığındakı “Cıdır düzündə Azərbaycan bayrağı” rəsmi Xalq rəssamı Sakit Məmmədova məxsusdur.

Oxşar Xəbərlər

    ×