Abdulla Qədirinin Daşkənd şəhərindəki ev-muzeyində böyük yazıçının nəvəsi, alim Xandamir Qədirinin tərtib etdiyi “Türküstanda aclıq, qıtlıq" kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın tanınmış alimləri və ədəbiyyatşünasları, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları, jurnalistlər iştirak ediblər.
Kitabda XIX əsrin sonlarında Türküstan bölgəsində nəşr olunan qəzetlərdə aclıqdan, böhranlı vəziyyətdən, istiqlalçılıqdan bəhs edən məqalələr toplanıb, Çar Rusiyası və bolşeviklərin hakimiyyəti dövründə Türküstanda insanların məşəqqətli həyatı, cədidçilik-maarifçilik hərəkatı, Türküstan və Cənubi Qafqaz, Azərbaycan arasında əlaqələr öz əksini tapıb.
Tədbirdə çıxış edən professor Qəhrəman Rəcəbov kitabın əhəmiyyəti haqqında danışaraq topluda verilən məqalələrin ictimaiyyətə ilk dəfə olaraq təqdim olunduğunu, əksər materialların arxivlərdən götürüldüyünü qeyd edib. O bir çox materialların isə qardaş Azərbaycan üçün də mühüm olduğunu, Azərbaycana dair maraqlı mənbələrin kitabda yer aldığını söyləyib.
Filologiya elmləri doktoru Bahodir Kərimov ötən əsrin əvvəllərində Türküstanda baş verən hadisələr, aclıq, qıtlıq, millətin ziyalılarının cədidçilik hərəkatı, milli istiqlal məfkurəsinin yaranması və inkişafı barədə məlumat verib, Sovet dövründə bolşeviklər tərəfindən həyata keçirilən siyasət nəticəsində çoxsaylı ziyalılarımızın repressiya qurbanı olduğunu vurğulayıb.
Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umid Mirzəyev ötən əsrin əvvəllərində Türküstan və Azərbaycanda baş verən hadisələr, repressiya qurbanları barədə danışıb, erməni daşnaklarının Azərbaycan ərazilərinə təcavüzü və işğalçılıq siyasəti haqqında fikirlərini bölüşüb.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalqlarımızın dili, mədəniyyəti, adət və ənənələrinin yaxın olduğu kimi, tarixinin və taleyinin də olduqca oxşar olduğunu qeyd edib. O, Abdulla Qədiri, Çolpan, Fitrət, Həsən bəy Zərdabi, Hüseyn Cavid, Mikayıl Müşfiq, Almaz İldırım və başqa ziyalıların və maarifçilərin fəaliyyətindən danışaraq məhz onların xidmətləri sayəsində xalqımızda milli kimlik, milli düşüncə hisslərinin formalaşdığını, milli şüur oyandığını və neçə-neçə ziyalılar nəslinin yetişdiyini söyləyib.
Türküstanda, Cənubi Qafqazda, Anadoluda erməni daşnaklarının yerli əhaliyə qarşı həyata keçirdiyi soyqırımlar, qətliamlar haqqında danışan Samir Abbasov bu qətliamların əsas səbəbini türklərə qarşı ermənilərin ərazi iddialarının olması kimi səciyyələndirib. O, Azərbaycan və Türküstanda baş verən hadisələr, erməni daşnaklarının xalqımıza qarşı həyata keçirdiyi qətliamlar, xalqımızın fədakar ziyalıları və onların fəaliyyəti barədə məlumat verib.
Kitabın müəllifi Xandamir Qədiri tədqiq etdiyi mövzunun əhəmiyyəti, Türküstanda aclıq, böhranlı vəziyyət, xalqlarımızın ziyalı, qəhrəman övladlarının müstəsna xidmətləri, milli istiqlalçılıq ideyaları haqqında fikirlərini bölüşüb. O, baş verən bütün bu hadisələrin Azərbaycanla bağlılığını qeyd edib və gələcəkdə bu istiqamətdə yeni tədqiqat əsərlərinin yaradılacağına əmin olduğunu bildirib.
Sonda Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin tələbələrinin ifasında şeirlər səslənib, Özbəkistanın tanınmış muğam ustalarının çıxışı böyük maraqla qarşılanıb.