Bu layihə bizim üçün çox önəmli və zəruri bir layihədir. Çünki birbaşa gənclərlə, tələbələrlə bağlıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Yüksəl” layihəsinin təqdimatı zamanı Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı deyib.
“Mən Heydər Əliyev Fonduna və layihəyə maliyyə dəstəyi göstərən “BP” Azərbaycan şirkətinə öz minnətdarlığımı bildirirəm. Bu layihə düşünüldüyü andan tam sosial layihə kimi planlaşdırılmışdı. Bakı Kitab Mərkəzi olaraq layihə çərçivəsində hər həftə müxtəlif sahələr üzrə tələbə və gənclər üçün mühazirələr təşkil ediləcək və hər mühazirənin sonunda onlara kitablar hədiyyə olunacaq. Burada məqsəd tələbələrin intellektual səviyyəsinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi, mütaliəyə həvəsin yaradılmasıdır ki, bu da çox vacib bir məsələdir. Ümidvarıq ki, layihə gənclər üçün maraqlı, perspektivli və hər cəhətdən gərəkli olacaq”, - deyə G.Anarqızı bildirib.