Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası İkinci Qarabağ müharibəsində şəhid olmuş soydaşlarımız haqqında silsilə yazılar hazırlayır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı AYB-nin üzvü Xanım Mehdixanlı kitabxanaya “Qələbənin bir addımlığında” adlı oçerkini təqdim edib. Oçerkdə Ağsu rayonunda anadan olmuş Vüqar Quliyevin həyat və döyüş yolu öz əksini tapıb.
Vüqar Quliyev Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsilini donduraraq, hərbi xidmətə yollanıb. O, cəbhədə gedən döyüş əməliyyatlarında fəal iştirak edirdi. Onun döyüş yolu Füzulidən və Xocəvəndən keçib. Vüqar Quliyev noyabrın 3-də Xocəvənd rayonunda gedən döyüş əməliyyatlarında şəhid olub. Şəhid Vüqar Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Xocəvəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Zəfər günü, noyabrın 8-də Ağsu Şəhidlər xiyabanında torpağa tapşırılıb.