Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair-publisist Ramiz Duyğunun şeirlər və poemalardan ibarət yeni kitabı “Qalibiyyət dastanı” adlanır.
AZƏRTAC xəbər verir ki, imzası Azərbaycan oxucusuna yaxşı tanış olan Ramiz Duyğu vaxtı ilə “Hünər” proqramının aparıcısı kimi böyük auditoriyanın sevimlisinə çevrilmişdir. 1973-cü ildən ciddi şəkildə hərbi jurnalistika ilə məşğul olan R.Duyğu Azərbaycan Dövlət Teleradio Komitəsinin hərbi vətənpərvərlik tərbiyəsi redaksiyası ilə əməkdaşlıq etmiş və redaksiyanın “Hünər” proqramının daimi aparıcısı və müəlliflərindən biri olmuşdur. Bu əməkdaşlıq 1990-cı ilin Qanlı Yanvar hadisələrinə qədər 17 il müddətində davam etmişdir. “Hünər” proqramı 1941-1945-ci illərin Böyük Vətən müharibəsində xalqımızın ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edir, eyni zamanda müharibədən qayıtmayan oğul və qızlarımızın son ünvanlarının axtarışını aparırdı. Mərhum şairimiz Məmməd Kazımın yaratdığı və rəhbərlik etdiyi proqramın kollektivinin fədakar axtarışı nəticəsində 13 mindən artıq soydaşımızın taleyinə aydınlıq gətirilərək doğmalarına məlumat verilmişdir.
Ramiz Duyğu 11 yaşından könlünü şeirə, söz verib. Yazdığı şeirlər yaşadığı rayonda, oxuduğu orta məktəbdə hamı tərəfindən yüksək qiymətləndirilib. Onun “Yaşa Azərbaycanım” adlı ilk mətbu şeiri Tibb İnstitutunun 3-cü kursunda oxuyarkən “Gənclik” nəşriyyatında işıq üzü görən “Gəncliyin səsi” almanaxında çapdan çıxıb. “Vətən kimi şirin” adlı ilk şeirlər kitabı isə 1983-cü ildə “Yazıçı” nəşriyyatında işıq üzü görüb.
Ramiz Duyğu onlarla şeir, publisist kitabın müəllifi olmaqla yanaşı, həm də gözəl tərcümələri ilə ədəbiyyatımıza öz töhfəsini verib.
Onun “Əbədiyyətdən gələn məktub” pyesi əsasında 1977-ci ildə televiziya tamaşası hazırlanaraq Azərbaycan Dövlət Televiziyasında nümayiş edilib. “Xarı bülbül” adlı pyesi Qusar Dövlət Ləzgi Dram Teatrının repertuarındadır. Zəhmətkeş qələm adamı olan Ramiz Duyğunun əsərləri dövrü mətbuatda çap olunur, televiziya və radioda səsləndirilir.
Tarixi Zəfər bayramımızı qeyd edəcəyimiz belə bir ərəfədə şairin oxucularla növbəti görüşü heç də təsadüfi deyil. O, bu günü hər zaman gözləyib və böyük ümidlə yaşayıb. Onun yeni çapdan çıxmış “Qalibiyyət dastanı” kitabına əsasən 1992-ci ildə Şuşa işğal edildikdən sonra yazılan şeir və poemalar daxil edilib. Kitab bir neçə bölmədən ibarətdir. Kitabdakı “Şuşa çağırır” bölməsinə Şuşa işğal edildikdən sonra yazılmış, “Karvan gedir öz yoluyla” bölməsinə İlham Əliyev Prezident seçildikdən sonra qələmə alınmış, “Mən səni heç zaman bağışlamaram” bölməsinə erməni-daşnak faşist işğalçılarına nifrətdən doğan, “Qalibiyyət dastanı” bölməsinə 2-ci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizlə bağlı, “Əbədiyyət sakinləri” bölməsinə Milli qəhrəmanlarımıza həsr edilmiş şeirlər daxil edilib.
Şair kitaba daxil edilmiş bütün şeirləri erməni faşizmi üzərindəki qələbəmizə böyük inamla yazıb. O, heç vaxt qələbəmizə inamını itirməyib və bütün yaradıcılığı boyu xalqımızı qalibiyyətə səsləyib. Onun son 7 kitabı torpaqlarımızın düşmən tapdağından azad olunmasına köklənmiş müharibəyə çağırış əhval-ruhiyyəsində olub.
Müəllif yazır: “Xoşbəxtəm ki, mənim çağırışlarım nəhayətdə həqiqətə çevrilmiş, Silahlı Qüvvələrimizin qalib və qadir Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyevin yaratdığı Qəhrəman Azərbaycan Ordusu ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa etdi və üçrəngli bayrağımız işğaldan azad edilmiş kənd, qəsəbə və şəhərlərimizdə dalğalanır.
Xoşbəxtəm ki, mən “Qalibiyyət dastanı” adlı şeirlər kitabımı böyük siyasətçi və dövlət xadimi, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin şəxsində qəhrəman Azərbaycan Ordusunun şəxsi heyətinə həsr edirəm”.
Ramiz Duyğunun əsas yaradıcılıq amalı və əqidəsi vətənpərvərlik duyğularını tərənnüm etməkdir. Bu kitaba daxil edilən şeir və poemaların demək olar ki, əksəriyyəti Qarabağ müharibəsi ilə əlaqəlidir və bu əsərlər, əsasən, qədim mədəniyyət, incəsənət və sənət paytaxtımız Şuşa şəhərinin erməni-daşnak faşist işğalından sonra yazılıb.
Kitaba daxil edilmiş şeir və poemaların ruhunu ancaq silaha sarılmaq və Qələbəyə böyük inam nidaları təşkil edir və ərazi bütövlüyümüzün yalnız hərb yolu ilə bərpa olunacağına çağırışdır.
Nə xoş ki, şair intuisiyası yanılmamış və nəticədə Qarabağ münaqişəsi qüdrətli Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü məntiqli və uzaqgörən siyasəti nəticəsində “Dəmir yumruq” sayəsində tarixi Zəfərlə başa çatmışdır.
Xalqımızın qələbə əzmini, ordumuzun məğlubedilməzliyini poetik dillə oxçuya çatdıran şair “Qalibiyyət dastanı”, “Zəfər ili” lirik poemalarında, “Böyük qələbəmizin Ali Baş Komandanı”, “Əsrimizin qəhrəmanı”, “Milli ləyaqət günü”, “Qarabağ Azərbaycandır!”, “Oxuyaq Qarabağ şikəstəsini” və digər şeirlərində Vətəni, mənsub olduğu xalqın qələbəsini, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun yenilməzliyini çox yüksək poetik dillə qələmə almışdır.
Ramiz Duyğunun “Qalibiyyət dastanı” dastana dönmüş qələbəmizi bizə yaşadanlara bir şair borcu olmaqla yanaşı, xalqımızın mübarizəsinə, torpaq sevgisinə həsr olunmuş şeir çələngidir.