“Nankin 2021 Sülh Forumuna yol” subregional dialoqu çərçivəsində “Mədəni irs, mədəni və yaradıcı sənaye: Keçmişin mirasından dinc gələcəyimizi quraq” mövzusunda sessiya keçirilib. UNESCO-nun Almatı klaster bürosunun təşkilatçılığı ilə onlayn formatda baş tutan sessiyada Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova “Müasir incəsənət sahələri və moda sənayesi kontekstində muzey kolleksiyaları” adlı təqdimatla çıxış edib.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, Şirin Məlikova rəhbərlik etdiyi muzeyin tarixi, fəaliyyəti və kolleksiyaları haqqında ətraflı məlumat verib. Azərbaycan Milli Xalça Muzeyinin xalçaçılıq sənətini dərindən mənimsəyən, ondan yeni əsərlər yaratmaq üçün ilham alan görkəmli müasir rəssamlarla əməkdaşlıq etdiyini bildirib. Ş.Məlikova belə uğurlu yaradıcılıq əlaqələrinə nümunə kimi Chingiz yaradıcı təxəllüsü ilə fəaliyyət göstərən rəssam Çingiz Babayev və AFFFAIR markasının təsisçisi, məşhur modelyer Rüfət İsmayılovla əməkdaşlıq çərçivəsində həyata keçirilən uğurlu layihələrdən danışıb.
O, bu il “Kazan Kremli” Muzey-Qoruğunda keçirilən “Xalça sənəti – mənaların təkamülü” adlı Azərbaycan xalçaçılığına həsr olunmuş sərgi və burada nümayiş etdirilən, Çingiz Babayevin xalçaçılıq sənətindən ilhamlanaraq yaratdığı müəllif əsərləri haqqında ətraflı məlumat verib.
Ş.Məlikova modelyer Rüfət İsmayılın Paris moda həftəsi çərçivəsində təqdim etdiyi Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırladığı 21 geyimdən ibarət “Haute Couture Sumakh” kolleksiyası haqqında danışıb.
Qeyd edək ki, sessiyada Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan müxtəlif sənət sahələri üzrə mütəxəssislər də çıxış ediblər.