Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Vətən müharibəsi şəhidi Zaur Kərimovun anım günü ilə əlaqədar “İgid kəşfiyyatçı Zaur Kərimov” adlı videoçarx hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Zaur Kərimovun qısa, amma şərəfli ömür yolundan bəhs edilən videoçarx kitabxananın sosial hesablarında izləyicilərə təqdim olunub.
Videoçarxda qeyd edilir ki, Zaur Kərimov 1996-cı il fevralın 2-də Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanıb. Sərhəd Qoşunlarında xidmət edən Zaur hərbi xidmət müddətini bitirdikdən sonra Bərdədə hərbi kurs keçib. Hərbi kursu bitirdikdən sonra yenidən orduya qayıdaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olur və Xüsusi Təyinatlı Qüvvələrdə əsgər olaraq xidmətinə davam edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun əsgəri olan Zaur Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və snayper olaraq iştirak edib. Zaur Kərimov 2020-ci il oktyabrın 28-də Şuşa döyüşləri gedişatında Çanaqçı-Şuşa istiqamətində ağır döyüş tapşırığını yerinə yetirərkən şəhid olub və Kürdəmir Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Zaur Kərimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.