Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq hər il mütəmadi olaraq Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 28-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Ömrünün qədrini bil” adlı növbəti tədbir təşkil edilib.
Tədbirdə əvvəlcə müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin əməkdaşı Fatimə Nəzərova tədbiri giriş sözü ilə açaraq iştirakçılara bəşəriyyətin ən qorxulu bəlalarından biri olan ağ ölüm və onun törətdiyi fəsadlar barədə geniş məlumat verib.
Tədbirdə eyni zamanda Bakı şəhəri Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin əməkdaşı polis polkovnik-leytenantı Elçin Rəhimov, Bakı şəhəri Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin baş polis inspektoru polis polkovnik-leytenantı Kəmalə Ələkbərova və Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoloqu Fizzə Baxışova yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində maarifləndirici mühazirə ilə çıxış ediblər.
Tədbir çərçivəsində iştirakçılara muzey tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.
Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Tədbir COVID-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olunub, həmçinin sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edilib.