“İçərişəhər” Muzey Mərkəzi noyabrın 5-6-da Zəfər Gününə həsr olunmuş bir neçə tədbir keçirəcək.
Muzey Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd XXI əsrin ən möhtəşəm hadisəsini, 30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş Qarabağ torpaqlarının azad edilməsi uğurundakı Vətən müharibəsində xalqımızın qələbəsini qeyd etmək, müharibə qazilərinə hörmətimizin, şəhidlərin xatirəsinə ehtiramımızın əlaməti olaraq onları xatırlamaq, tarixdə yaşatmaqdır.
Noyabrda 5-də “İçərişəhər” Muzey Mərkəzinin direktor müşaviri, tarix üzrə fəlsəfə doktoru S.Əhmədov Şirvanşahlar Sarayında 8 noyabr - Zəfər Gününə həsr edilmiş “Azərbaycan tarixinin şanlı səhifəsi – 44 günlük müharibə” adlı məruzəsini təqdim edəcək. Həmin gün Bakı Fotoqrafiya Evində “Cəbhədən xəbərlər” adlı tədbir təşkil olunacaq. Tədbirdə AZƏRTAC-ın fotomüxbiri Tofiq Babayevin müharibə günlərində cəbhədən çəkdiyi fotolar nümayiş ediləcək. Noyabrın 6-da “Qala” Tarix-Etnoqrafiya Qoruğundakı Əntiq Əşyalar Muzeyində Vətən müharibəsi qaziləri ilə, şəhid ailələrinin nümayəndələri, eləcə də “İçərişəhər” Muzey Mərkəzinin müharibədə iştirak etmiş əməkdaşları ilə görüş keçiriləcək. Elə həmin gün İçərişəhərdə, Bakı Xanları Sarayının Parkı ərazisindəki ART zonada “İstedart” layihəsi çərçivəsində elan edilmiş “Zəfər Günü” adlı rəsm müsabiqəsi iştirakçılarının rəsmləri sərgilənəcək, münsiflər tərəfindən seçilmiş ən yaxşı rəsm müəllifləri qalib elan ediləcək. Sərgi noyabrın 9-dək davam edəcək.