Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı şəhid Cəmil Məmmədli haqqında “Vətənin igid oğlu” adlı videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, Cəmil Məmmədlinin qısa, amma şərəfli ömür yolundan bəhs edilən videoçarx kitabxananın sosial hesablarında izləyicilərə təqdim olunub.
Videoçarxda qeyd edilir ki, Məmmədli Cəmil Habil oğlu 1999-cu il iyulun 28-də İsmayıllı rayonunda dünyaya göz açıb. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 nömrəli tam orta məktəbdə oxuyub, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsində “Materialşünaslıq” ixtisası üzrə ali təhsil alıb. Təhsil aldığı dövrdə ictimai fəallığı və Vətənə xüsusi sevgisi ilə həmişə seçilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblərarası “Mahir nişançı” adlı güllə atıcılığı turnirində III yerə layiq görülüb. 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil xidmətə yollanıb. Xidmətinin yeni başlanmasına baxmayaraq, sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edib. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib. Oktyabrın 14-dən 15-nə keçən gecə Füzuli rayonunun Dördçinar kəndi istiqamətində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının təltif edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cəmil Habil oğlu Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.