Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Qənirə Paşayeva Özbəkistanın Xarəzm vilayətində Azərbaycanın tarixi Zəfərindən danışıb
01.11.2021

Xarəzm Dövlət Musiqili Dram Teatrında keçirilən mərasimdə dövlət qurumlarının nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, ictimaiyyətin nümayəndələri, jurnalistlər, Azərbaycan nümayəndə heyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək iki qardaş ölkə arasında mədəni əlaqələrdən danışıb: “Bu gün Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev dövlətlərimizin inkişafı üçün böyük uğurlarla çalışırlar. Dövlət başçılarımızın titanik səyləri bizlər üçün yüksək örnək təşkil edir. Özbəkistanın Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olması ilə türkdilli ölkələr arasında ortaq tarix, dil, mənsubiyyət və mədəniyyətə əsaslanan qarşılıqlı maraqları və münasibətləri daha da inkişaf etdirəcək və həmrəyliyi gücləndirəcək. Əlbəttə, Özbəkistanın hər bir bölgəsi bizim üçün əzizdir, bununla belə Xarəzmin bizimçün özünəməxsus doğmalığı var. Bu doğmalıq, ilk növbədə, tarixlə, mədəniyyətlə, sənətlə, ədəbiyyatla, adət-ənənələrlə, mətbəxlə və digər əməli fəaliyyət sahələri ilə şərtlənir. Dilimiz, dinimiz birdir. Biz ortaq tarixdən gəlirik, ortaq gələcək inşa etmək də mənəvi borcumuzdur”.

Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu diqqətə çatdıran Milli Məclisin Mədəniyyət komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəsur hərbçilərimiz Qarabağı, o cümlədən mədəniyyət beşiyimiz Şuşanı erməni tapdağından xilas edib: “2021-ci ildən rəsmi olaraq, Azərbaycanın Mədəniyyət Paytaxtı olan Şuşa, inşallah 2022-ci ildə türk dünyasının Mədəniyyət Paytaxtı olacaq. Ümidvaram, Sizləri də gözəl Şuşamızda görəcəyik və Şuşanı, Azərbaycanı çox sevəcəksiniz.

Qardaş ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr, mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlıq, həyata keçirilən layihələr təqdirəlayiqdir. Azərbaycan mədəniyyətinin Özbəkistanda, onun bölgələrində tanıdılması, Xarəzm vilayətində Azərbaycan mədəniyyəti, ədəbiyyatı günlərinin keçirilməsi, kitabxanalara Azərbaycan mədəniyyəti və tarixinə dair nəşrlərin hədiyyə olunması çox önəmlidir. Biz bir-birimizi sevərək öyrənir, öyrənərək sevirik.

Yaşasın Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu!”

Oxşar Xəbərlər

    ×