Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA)100 illiyi münasibətilə “Jazzery Voices” layihəsi çərçivəsində elmi-yaradıcılıq konfransı keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, akademiyanın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək konfrans iştirakçılarını və canlı bağlantı ilə qoşulan Niderlanddan musiqişünas Natəvan Hüseynovanı və Gürcüstandan caz tədqiqatçısı İrina Ebralidzeni salamlayaraq, işlərində uğurlar arzulayıb. F.Bədəlbəyli, həmçinin "Jazzery Voices" layihəsinin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirərək, caz musiqimizi xarici ölkələrdə təbliğ edən Emin Əfrasiyab, İsfar Sarabski, Etibar Əsədli kimi istedadlı caz ifaçılarımızın adlarını, uğurlarını qürur hissi ilə qeyd edib.
Sonra "Musiqi nəzəriyyəsi" kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva konfranda məruzə ilə çıxış edərək musiqiçiləri qonaqlara təqdim edib, hər kəsi onların caz musiqisinə aid əsərləri, tədqiqatları ilə tanış edib.
İlk öncə Gürcüstandan və Niderlanddan konfransa canlı bağlantı ilə qoşulan İliya adına Tbilisi Dövlət Universitetinin estrada-caz fakültəsinin müəllimi, caz tədqiqatçısı və pedaqoqu, caz ifaçılığı və bəstəçiliyi üzrə fəlsəfə doktoru İrina Ebralidze "Caz vokal ifaçılıq sənətinin öyrənilməsinin bəzi aspektləri"; musiqişünas, caz tədqiqatçısı Natəvan Hüseynova "XX əsrin l yarısında Azərbaycan cazı", sonra isə BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Lalə Rzayeva "Caz pianizmi"; sənətşünaslıq üzrə fəlsəfə doktoru Aybəniz Növrəsli "Azərbaycan etno-caz təmayülü bu gün"; musiqişünas, publisist, aktrisa Fərizə Babayeva "Azərbaycan caz sənətinə dair bəzi aktual məsələlərə dair", BMA-nın dissertantı Cəmilə Əmirova "Müasir Azərbaycan caz pianoçularının ifaçı portretləri", sənətşünaslıq üzrə fəlsəfə doktoru, caz tədqiqatçısı Turan Məmmədliyeva "Azərbaycanda caz menecmentinə dair bəzi məsələlər" mövzularında məruzələrlə çıxış ediblər.
Sonda beynəlxalq caz festivalları laureatı Elbəy Məmməmdzadə peşəkar ifası ilə "İllüstrasiya" adlı kompozisiyanı dinləyicilərə təqdim edib.
Qeyd edək ki, noyabrın 6-da yekunlaşacaq layihə çərçivəsində bir sıra konsertlər, caz vokal ifaçılığı üzrə ustad dərslərinin təşkil olunacağı planlaşdırılır.