Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Zəfərdən qayıdan igidlər” adlı tədbirdə Vətən müharibəsi qaziləri ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və Yasamal Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Yasamal Rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıq haqqında danışıb, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib.
Yasamal Rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva çıxışında qaziləri düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik edib, müzəffər Ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıb.
Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova “Qazilər” şeirini söyləyib və qeyd edib ki, tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirib.
Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əli-zadə və başqaları çıxış edərək vurğulayıblar ki, şəhidlər və qazilər Azərbaycan tarixini yazıblar, onlar mənfur düşmənə qarşı cəsarətlə döyüşüblər. Onların bir amalı vardı - Vətən torpağını işğaldan azad etmək. Onlar 30 illik həsrətə son qoyublar.
Tədbirin sonunda qazilərə fəxri diplomlar təqdim edilib, Qarabağa aid musiqi nömrələri səsləndirilib, Ali Baş Komandan İlham Əliyevin qazanılan Zəfərlə bağlı çıxışları və müzəffər Azərbaycan Ordusunun rəşadətini əks etdirən videoçarxlar nümayiş olunub.