Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yuxarı Baş” Milli-Tarix Memarlıq qoruğunun ərazisində daha 58 abidənin dövlət mühafizəsinə götürülməsi Şəkinin mədəni-tarixi irsinin daha dayanıqlı şəkildə qorunması, ümumbəşəri dəyərlərinin mühafizəsi baxımından çox önəmlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına edilən 4 noyabr 2021-ci il tarixli yeni dəyişiklik Şəkinin tarixi hissəsində Dünya İrs Konvensiyasının tələblərinə uyğun gələn onlarla abidənin olduğunu təsdiqləyir.
Qeyd edək ki, Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun tarixi hissəsi 2019-cu il 7 iyul tarixində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Ümumdünya İrs Komitəsi bu qərarı verərkən, Dünya İrs Konvensiyasının II (memarlıq, sənətkarlıq, şəhərsalma və bu kimi digər sahələrdə müxtəlif tarixi dövrlərin ənənələrinin əks etdirilməsi) və V (insanların təbiətdən dayanıqlı istifadəsi) meyarlarına əsaslanıb. Şəkinin tarixi hissəsində həmin meyarlara cavab verən daha çox abidə mövcud olsa da, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 132 nömrəli qərarına əsasən indiyədək onların yalnız 25-i tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdü.
Bu iki meyara tam olaraq cavab verən digər tikililərinin də dövlət mühafizəsinə alınması məqsədilə, Dövlət Turizm Agentliyinin ekspertləri AMEA-nın müvafiq institutları ilə birgə əməkdaşlıq çərçivəsində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi tikililəri yenidən qiymətləndiriblər.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, nəticədə Şəkinin qədim hissəsində yerləşən daha 58 daşınmaz əmlaka “abidə” statusu verilməklə 1-i ölkə, 57-si yerli əhəmiyyətli olmaqla, dövlət mühafizəsinə götürülməsi təklif olunub.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əlavə edilən 58 abidə arasında tarixi tikililər, mühəndis-kommunikasiya qurğuları, qədim ənənəvi yaşayış evləri və ictimai binalar var. Bunlar arasında ipək, ipək parçaları və barama ticarəti ilə zənginləşmiş iri tacirlərin, mülkədarların imarətləri, 2-3 mərtəbəli binalar xüsusi yer tutur. XIX-XX əsrlərə aid olan bu binalar memarlıq elementləri, həm də dekorativ xüsusiyyətlərinə görə qonşu bölgələrin memarlıq məktəbi və mədəniyyətini özündə əks etdirir. Bu da UNESCO-nun Ümumdünya İrs Siyahısının II meyarının tələblərinə uyğun olmaqla Böyük İpək Yolu üzərində yerləşən Şəkinin qonşu bölgələrlə intensiv iqtisadi əlaqələrlə yanaşı, mədəni və incəsənət əlaqələrində olduğunu da sübut edir. Şəki 3 nömrəli ipək fabrikinin binası məhz bu kateqoriyaya aiddir.
Dövlət mühafizəsinə götürülmüş abidələr arasında XIX əsrdə şəhərdə hərbi məqsədlər üçün tikilmiş kazarma, əsgər yataqxanaları, yerli təcridxana (türmə) binası kimi fəaliyyət göstərmiş tikililəri də qeyd etmək olar.
Nazirlər Kabinetinin qərarı ilə dövlət mühafizəsinə götürülmüş abidələr arasında dəyirmanlar və su kəmərləri də var ki, bu tikililər Dünya İrs Konvensiyasının V meyarına (təbiətdən insanların dayanıqlı istifadəsi) uğun gəlir. Məsələn, Şəkidəki Hacıhəsən su kəməri və Taclıq su kəməri saxsı materialdan hazırlanmaqla suyun təbii axma prinsipinə görə təşkil edilib. Dəyirmanlar isə yerli şirniyyatda çox geniş şəkildə istifadə edilən düyü üyüdülməsi və düyü ununun əldə edilməsi üçün Dəyirmanarx üzərində inşa olunub. Dövlət mühafizəsinə götürülmüş digər abidələr içərisində tarixi İmam Əli məscidi və mədrəsə binası da var.
Ümumilikdə Şəkinin UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş ərazisində 58 abidənin dövlət mühafizəsinə götürülməsi Şəkinin Ənənəvi Şəhər landşaftının daha səmərəli şəkildə qorunması, Şəkinin UNESCO-nun Ümumdünya İrs Siyahısında öz layiqli yerini tutması, onun atributlarının mühafizə olunmasına töhfə verəcək.