Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Unudulmayan oğullar” adlı videoçarxda şəhid Elçin Qurbanovun şərəfli ömür yolundan bəhs olunur
16.11.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı şəhid Elçin Qurbanov haqqında “Unudulmayan oğullar” adlı videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, şəhid Elçin Qurbanovun qısa, ancaq şərəfli ömür yolundan bəhs edən videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.

Videoçarxda qeyd edilir ki, Elçin Məcid oğlu Qurbanov 2002-ci il yanvarın 22-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub.

2008-2017-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. Elçin Qurbanov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Elçin Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.

Elçin Qurbanov noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elçin Qurbanov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Oxşar Xəbərlər

    ×