Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Kitabxana əməkdaşları “Vətən mənim vüqarım” adlı videoçarx hazırlayıb
16.11.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Vətən müharibəsi şəhidi Vüqar Ələkbərovun doğum günü ilə əlaqədar "Vətən mənim vüqarım" adlı videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, şəhidin ömür yolundan bəhs edən videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.

Bildirilib ki, Vüqar Telman oğlu Ələkbərov 1994-cü il noyabrın 16-da Ucar rayonunun Qazyan kəndində anadan olub. 2001-2010-cu illərdə Qazyan kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2010-2014-cü illərdə isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Avtomobilin təmiri və servisi” üzrə təhsil alıb.

Vüqar Ələkbərov 2014-cü ilin iyul ayında Ucar Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib. Hərbi xidməti zamanı fərqləndiyinə görə baş əsgər hərbi rütbəsi alıb.

Hərbi xidmətini başa vurduqdan sonra Vüqar Ələkbərov 2016-cı ilin yanvarından Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.

2017-ci ilin yanvar ayında Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində (XTD) xidmətini davam etdirib. Həmin ilin fevral ayında isə xidmətinə Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində davam edib. 2017-ci il mayın 29-da nümunəvi xidmətinə görə kiçik gizir hərbi rütbəsi alaraq İriçaplı Pulemyot Yarımqrupunun komandiri vəzifəsinə təyin edilib.

Vüqar Ələkbərov 2018-ci ildə gizir hərbi rütbəsi alıb və bir il sonra, 2019-cu ildə Xüsusi Təyinatlı Dəstənin zirehli maşınlar üzrə rəhbəri vəzifəsinə təyin edilib.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Vüqar Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Füzuli istiqamətində strateji əhəmiyyətə sahib olan mövqelərin azad edilməsində, o cümlədən Ermənistan ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Vüqar Ələkbərov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhadətə ucalıb və Ucar rayonunun Qazyan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüqar Ələkbərov ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Oxşar Xəbərlər

    ×