Noyabrın 24-də Rusiyada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonunda Qara Qarayevin əsərlərindən ibarət konsert təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu silsilədən olan konsertlər Rusiya paytaxtındakı Q.Qarayev adına uşaq musiqi məktəbi tərəfindən Moskvanın digər musiqi məktəblərinin iştirakı ilə keçirilir. Tədbir dahi Azərbaycan bəstəkarı Qara Qarayevin yaradıcılığının tanıdılması məqsədilə təşkil olunur. Konsertdə Q.Qarayevin və XX əsrin digər bəstəkarlarının əsərləri səsləndiriləcək.
Moskvadakı Q.Qarayev adına uşaq musiqi məktəbi Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən yeganə tədris müəssisəsidir ki, tanınmış bəstəkarın adını daşıyır. Q.Qarayevin musiqisi məktəbin sinif otaqlarında daim səslənir, şagirdlərin əksəriyyəti ustadın əsərlərini müsabiqələrdə, festivallarda, o cümlədən beynəlxalq festivallarda ifa edir, laureat və diplomant adını qazanırlar.