Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics” qlobal mikrosxem (çip) çatışmazlığı fonunda ABŞ-ın Texas ştatının Teylor şəhərində 17 milyard ABŞ dollarına yeni nəsil çip zavodu inşa edəcəyini açıqlayıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, şirkətin məsələ ilə bağlı yaydığı açıqlamada artıq Teylor şəhər rəhbərliyi ilə müvafiq razılaşma əldə olunduğu bildirilir. “Samsung Electronics” dünyada mikrosxemlərə artan tələbatı ödəmək, habelə çip təchizatı zəncirini sabitləşdirmək üçün yeni zavodun inşası barədə qərar qəbul edib.
Mütəxəssislər şirkətin zavodun inşası üçün məhz Teyloru seçməsini şəhərin kifayət qədər cəlbedici vergi güzəştləri təklif etməsi ilə bağlı olduğunu güman edir. Teylor şəhəri “Samsung Electronics”in yarımkeçirici zavodunun yerləşdiyi Austin şəhərindən təxminən 25 kilometr məsafədə yerləşir.
Şirkət yeni mikrosxem zavodunun inşasının gələn ilin birinci yarısında başlayacağını, kütləvi istehsalın isə 2024-cü ilin ikinci yarısından mümkün olacağını açıqlayıb. Bu layihə ilə “Samsung”un ABŞ-a 1978-ci ildən bəri yatırdığı investisiyaların ümumi məbləği 47 milyard dollara çatacaq. Şirkətin Birləşmiş Ştatlardakı müəssisələrində 20 mindən çox işçi çalışır.
Qeyd edək ki, “Samsung Electronics” hazırda TSMC (Taiwan Semiconductor Manufacturing Co.) şirkətindən sonra dünyada 2-ci ən böyük mikrosxem istehsalçısı, planetin ən iri yaddaş mikrosxemləri istehsalçısıdır. Teylordakı zavodun istifadəyə verilməsi ilə “Samsung” mikrosxem buraxılışını 2 dəfə artıra biləcək.