Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Buenos Ayres şəhərində “Azərbaycan xalçaları” kitabının təqdimatı olub
25.11.2021

Argentinadakı səfirliyimizin təşəbbüsü, La Plata Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Azərbaycanşünaslıq” kafedrasının təşkilatçılığı ilə Buenos Ayres şəhərində yerləşən Şərq İncəsənəti Muzeyində sənətşünaslıq elmləri doktoru professor Röya Tağıyevanın müəllifi olduğu, ispan dilinə tərcümə edilərək çap edilmiş “Azərbaycan xalçaları” kitabının təqdimat mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə muzeyin direktoru Rosio Boffo çıxışında “Azərbaycan xalçaları” kitabının Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni irsinin təşviqi baxımından ispandilli auditoriya üçün əvəzsiz mənbə olacağına və oxucular tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.

“Azərbaycanşünaslıq” kafedrasının əlaqələndiricisi professor Paulo Botta Azərbaycanın Argentinada təbliği məqsədilə kafedra tərəfindən ölkəmizin tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında kitabların ispan dilinə tərcümə olunub çap edildiyini, bu kitabın da bu layihə çərçivəsində ərsəyə gəldiyini deyib.

Tədbirdə çıxış edən səfir Rəşad Aslanov ölkəmizin təkcə ticarət yolu deyil, eyni zamanda, dəyərlərin və mədəniyyətlərin mübadiləsi üçün geniş bir dəhliz olan qədim “İpək Yolu” üzərində yerləşməsinin Azərbaycan xalçaçılıq sənətinin formalaşması və inkişafında müstəsna rol oynadığını deyib. R.Aslanov bu sənətin ənənə və sirlərinin xüsusi qayğı ilə saxlanılaraq nəsildən-nəslə ötürüldüyünü qeyd edib və 2010-cu il tarixindən etibarən Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edildiyini vurğulayıb.

Şərq xalçaçılıq sənəti üzrə mütəxəssis olan Aqustina Leiva naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə fərqlənən Azərbaycan xalçaçılıq məktəbləri haqqında danışıb və Azərbaycan xalçalarını bir xalqın tarixi inkişaf yolu, adət və ənənələri, bədii irsi və mədəniyyəti haqqında dolğun təsəvvür formalaşması baxımından qiymətli mənbə kimi xarakterizə edib.

Tədbirdə, həmçinin Azərbaycan Milli Xalça Muzeyi tərəfindən təqdim edilmiş Azərbaycan xalçaçılıq məktəbinin nümunələrindən ibarət fotosərgi nümayiş olunub.

Oxşar Xəbərlər

    ×