Ankarada türk və İslam dünyasının dahi alimi və filosofu Əbu Nəsir Məhəmməd Əl Fərabinin 1150 illik yubileyinə ithafla Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türk dilində nəşr edilmiş "Kitâbu'l Mûsika'l Kebîr" kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Milli Kitabxanada keçirilən təqdimatda rəsmi şəxslər, səfirlər, tanınmış alimlər iştirak ediblər.
Rəsmi hissədə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın, Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulyin çıxıları dinlənilib.
Kitabın təqdimatından sonra əsər haqqında müzakirələr aparılıb.
Məlumat verilib ki, Əl Fərabinin dövrümüzə gəlib çatan 117 kitabı məntiq, metafizika, əxlaq, siyasi elmlər, musiqi, sosiologiya və tibbə aiddir.
Qeyd edək ki, şərqin böyük mütəfəkkirinin yubileyi UNESKO-nun təqviminə daxil edilib. ISESKO və İslam Əməkdaşlıq Təşkilatı kimi TÜRKSOY da Əl-Fərabinin yubileyi münasibətilə böyük tədbirlər keçirib.