Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Çin-Laos dəmir yolu xətti istifadəyə verilib
03.12.2021

Uzunluğu 1035 kilometr olan Çin-Laos dəmir yolu xətti dekabrın 3-də istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Çinin Yünnan vilayətinin paytaxtı olan Kunmin şəhəri ilə Laosun paytaxtı Ventyan şəhərini birləşdirən xətt “Kəmər və yol” strategiyası çərçivəsində inşa olunan nəhəng layihə hesab olunur. Çin hissəsində 2015-ci, Laos hissəsində isə 2016-cı ildə başlanan inşaat işləri oktyabrda başa çatıb. Böyük hissəsi dağlıq ərazidən keçən yola 137 tunel və 301 körpü-ötürücü aiddir. Ümumi uzunluğu 712 kilometr olan körpü-ötürücü və tunellər yolun 76,5 faizini təşkil edir. Dəmir yolu 2 dəfə Mekonq çayı üzərindən keçir. Yolun inşasına ümumilikdə 5,9 milyard ABŞ dolları vəsait yatırılıb ki, bunun da 70 faizi Çinin payına düşüb. Yolun inşasını Çin şirkətləri həyata keçirib.

Dəmir yolunun açılışını Çin Xalq Respublikasının Sədri Si Cinpin və Laos Prezidenti Thonqlun Sisulit onlayn formatda izləyiblər.

Bu xətdə sərnişin və yük qatarları saatda maksimum 160 kilometr sürətlə hərəkət edəcək. Başqa sözlə, qatar Kunmindən Ventyana gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxtla birlikdə cəmi 10 saata çatacaq.

Dünya Bankının rəyinə əsasən, Kunmin-Ventyan dəmir yolu xətti vasitəsilə Çin ilə Laos arasında daşınan yüklər 2030-cu ilədək 3,7 milyon tona çatacaq. Dəmir yolunun iki ölkə arasında turizm sahəsində əməkdaşlığı da gücləndirəcəyi proqnozlaşdırılıb. Ekspertlər dəmir yolu xəttinin Çinin ən böyük ticarət tərəfdaşı olan ASEAN ölkələri ilə iqtisadi əməkdaşlığının daha da genişlənməsinə təkan verəcəyini düşünür. İlin 10 ayının statistikasına əsasən, Çin ilə ASEAN ölkələri arasında ticarət dövriyyəsi 30 faiz çoxalaraq 703 milyard dollara çatıb və Çinin ümumi xarici ticarətinin 14,4 faizini təşkil edib.

Oxşar Xəbərlər

    ×