Ankara şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Müharibənin ana və uşaqları” adlı fərdi rəsm sərgisi açılıb.
AZƏRTAC-a istinadən bildirilir ki, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı rəssam Məhəmməd Əliyevin yağlı boya ilə çəkdiyi portretlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi faciənin hərbi cinayət kimi mahiyyətini özündə əks etdirir.
Sərginin açılışında Azərbaycanın Türkiyədəki səfirliyinin və digər dövlət qurumlarımızın əməkdaşları, QHT təmsilçiləri, o cümlədən müəllifin sənət yoldaşları iştirak ediblər.
Rəssamın mövzu ilə bağlı 32 portretinin nümayiş olunduğu sərgi fevralın 15-dək davam edəcək.
Qeyd edək ki, rəssam M.Əliyevin Türkiyədə və başqa ölkələrdə çox sayda fərdi sərgisi təşkil olunub. Onun yaradıcılığında vətənə sevgi, Azərbaycanın gözəlliyi, tarixi həqiqətlər əsas mövzuları əhatə edir.