Dekabrın 23-də Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihəsinin birinci mərhələsinin sonuncu - “Əbədiyyət ünvanı-şəhidlik” adlı tədbir–sərgisi təşkil olunub.
İstiqlal Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri çıxış edərək 44 gün davam edən hərbi əməliyyatlar zamanı rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıqlarından bəhs ediblər. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşərək xalqın dəstəyindən güc alan ordumuz 44 gün ərzində 30 illik torpaq həsrətinı son qoyub.
Bildirildi ki, Vətən müharibəsində əldə olunan möhtəşəm zəfərimiz tarix boyu qürur mənbəyimiz olaraq qalacaq.
Sonda tədbir iştirakçıları polkovnik-leytenant Sədi Musayevin, baş leytenantlar Elçin Əzizovun, Muxtar Qasımlının, gizirlər Vüsal Rüstəmovun, Elnur İbrahimovun və əsgər Murad Məmmədovun fotoşəkilləri və şəxsi əşyalar ilə tanış olublar.
Tədbirdə şəhid ailələri, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbin kursantları iştirak ediblər.
Sərgi dekabrın 28-dək davam edəcək.