Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş. Vazeh adına Mərkəzi Kitabxanası İkinci Qarabağ müharibəsi şəhidi Rüfət Mustafayevə həsr olunmuş ədəbi-bədii gecə təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın direktoru Lətifə Məmmədova İkinci Qarabağ müharibəsində igid Azərbaycan oğullarının apardığı haqq savaşından, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən danışıb. O, kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” və “Tarix yazan igidlərimiz” layihələri, şəhidlərə həsr olunmuş silsilə tədbirlər və şəhid Rüfət Mustafayevin həyatı və döyüş yolu haqqında məlumat verib.
Kitabxananın fəxri oxucusu, şairə Esmira Günəş İkinci Qarabağ müharibəsi şəhidləri Əliheydər Hüseynliyə həsr etdiyi “Oğul düşmən çəpəridir” və Rüfət Mustafayevə həsr etdiyi “Qəlbimizin zirvəsində yaşayan qəhrəman” kitabları haqqında məlumat verib. Sonra şairə “Unutmadıq şəhidim”, “Mingəçevir mələkləri”, “Cənnətin sakinləri”, “Zəfər qoxusu”, “Zirvəyə ucalanlar”, “Oğul düşmən çəpəridir”, “Qəlbimizin zirvəsində yaşayan qəhrəman” kitablarını kitabxanaya hədiyyə edib.
Tədbirdə məktəblilər Rüfət Mustafayevə həsr olunmuş şeirləri oxuyublar.
Sonda şəhidin anası Afət Mustafayeva tədbiri təşkil etdiyi üçün Yasamal rayon Mərkəzi Kitabxanası və 158 nömrəli tam orta məktəbin kollektivinə minnətdarlığını bildirib.