Qazax rayon Daş Salahlı kəndinin Şahin Cəbiyev adına 2 nömrəli tam orta məktəbində “Biz sizdən öyrəndik qəhrəmanlığı!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəbin müəllim və şagirdlərinin, kənd ziyalılarının iştirakı ilə keçirilən tədbir Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana-filialının nəzdində fəaliyyət göstərən “Səməd Vurğun Poeziya Ocağı”nın və kəndin gənc yaradıcı gənclərinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Poeziya ocağının rəhbəri, şair-publisist Zərəngiz Dəmirçi Qayalı açaraq bacısı, könüllü döyüşçü Vəfa Dəmirçioğlu haqqında məktəblilərə məlumat verib.
Məktəbin direktoru Rəna Bayramova, gənc yaradıcı qrupun rəhbəri Elmar Sahib və başqaları Vəfa Dəmirçioğlunun yaddaşlara həkk olunan igidliyindən, darda qalan yurdu, doğma Daş Salahlı kəndi üçün etdiyi fədakarlıqlardan söhbət açıblar. Bildirilib ki, igid döyüşçünün xatirəsi hər zaman yad edilir. Xatirəsinə ehtiram əlaməti olaraq Qazax Rayon İcra Hakimiyyəti tərəfindən rayonun mərkəzində salınmış “Şəhidlər xiyabanı”nda, “Şəhidlərin qız qardaşı - Vəfa Dəmirçioğlu (Mansurova)” xatirə bulaq-kompleksi məktəblilər tərəfindən həmişə ziyarət olunur, abidəsi önünə tər çiçəklər düzülür, məktəbin foyesində böyüdülmüş şəkli daimi nümayiş edilir. Bildirilib ki, ötən ilin noyabrın 24-də general Həzi Aslanov adına Zabitlər Evində igid döyüşçünün 55 illiyi zabitlərin, əsgərlərin və ziyalıların iştirakı ilə təntənəli şəkildə qeyd olunub.
Çıxışlarda Vəfa Dəmirçioğlunun döyüş yolundan, göstərdiyi şücaətdən, Vətənə, torpağa sonsuz sevgisindən söz açılıb. Bildirilib ki, onun döyüş yolu gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün əsl nümunədir. Vəfa Dəmirçioğlunun simasında bugünkü tədbirin də bir məqsədə - şəhidlərimizi, qəhrəman oğul və qızlarımızı tanıtmağa xidmət etdiyi vurğulanıb.
Tədbirdə, həmçinin Daş Salahlı şəhidlərinin və canlarını Vətənin azadlığı uğrunda qurban verən itkin düşmüş iki gəncin - Göycə və Vasif Eyvazovların da şərəfli ömür yolundan söhbət açılıb. Göycə Eyvazovun döyüş yoluna həsr edilmiş lent yazısı səsləndirilib. Şagirdlərin ifasında şəhidlərimizin igidliyini vəsf edən marş oxunub.
Məktəbin şagirdlərinin hazırladıqları Vətənin igid oğul və qızlarına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib.
Sonda tədbir iştirakçıları məktəbin foyesində Vəfa Dəmirçioğlunun və döyüş yoldaşlarının xatirəsinə həsr edilmiş sərgi ilə tanış olublar.