Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Azərbaycan alimləri Baburilər sülaləsi ilə bağlı konfransda da iştirak ediblər
22.02.2022

Özbəkistan Elmlər Akademiyasının (ÖEA) Biruni adına Şərqşünaslıq İnstitutunda “Baburilər sülaləsi: tarixi, ədəbiyyatı, mədəniyyəti” adlı elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan və Hindistan alimləri ilə yanaşı, onlayn formatda Azərbaycan, Türkiyə, İran, İsveçrə və digər ölkələrin baburşünas alimləri də iştirak ediblər.

Konfransı ÖEA-nın vitse-prezidenti, Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru Baxrom Abduhalimov açaraq şair və dövlət xadimi Zəhiriddin Məhəmməd Babur və Baburilər sülaləsi haqqında məlumat verib, bu sülalənin tarixdəki yerindən danışıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov orta əsr Şərq mədəniyyətində, ədəbiyyatında və poeziyasında mühüm yer tutan yazıçı, özbək klassik ədəbiyyatının ən parlaq nümayəndələrindən biri, böyük şair, tarixçi, dövlət xadimi, istedadlı sərkərdə Zəhiriddin Məhəmməd Babur və Baburilər sülaləsi haqqında ətraflı söhbət açıb.

O deyib ki, Babur Hindistanda Baburilər sülaləsini yaradıb və bu ölkənin tarixinə böyük dövlət xadimi kimi düşüb. Şairin özbək dilində yazdığı “Baburnamə” əsəri çox məşhurdur.

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər “Ankara Milli Kitabxanasında Baburun əsərləri”, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvi Binnətova “Baburnamə”də təzkirəçilik ənənələri” və həmin institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Bəxtiyar Məmmədov “Baburun əsərləri ümumtürk mədəniyyətinin tərkib hissəsi kimi” mövzularında məruzələr ediblər.

Türkiyədən olan alim Tanju Seyhan, Şərqşünaslıq İnstitutunun əməkdaşları Salimaxon Eşonova, Aysara Madaliyeva və başqaları Babur və Baburilər sülaləsi haqqında ətraflı məlumat veriblər.

Sonra tədbirdə fəal iştirak etdiyinə görə Samir Abbasova institutun diplomu təqdim olunub.

Oxşar Xəbərlər

    ×