Fevralın 22-də Azərbaycan İstiqlal Muzeyində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Cinayətin cəzası” adlı tədbir-sərgi təşkil edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xalq rəssamı Xanlar Əhmədovun muzeyə hədiyyə etdiyi 18 ədəd incəsənət əsərindən ibarət sərgi açılıb. Açılış zamanı rəssamdan qəbul olunan əşyalar aktlaşdırılıb. Xalq rəssamı Xanlar Əhmədovun mədəniyyət xeyriyyəçiliyi qiymətləndirilərək ona Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim edilib.
Tədbirdə diqqətə çatdırılıb ki, insanlığa qarşı törədilən ən qanlı və dəhşətli cinayətlərdən olan Xocalı soyqırımından artıq 30 il ötür. Son iki ildə bu faciəli tarix bir başqa əhval-ruhiyyədə keçiririk. Əlbəttə ki, bu soyqırımı törətməkdə düşmənin əsas məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, Vətən, torpaq uğrunda mübarizə əzmini illər keçdikcə daha da qüvvətləndirdi. Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu düşmənə qətiyyətli cavab verərək tarix boyu Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını qurban verən bütün şəhidlərimizin qisası döyüş meydanında böyük qəhrəmanlıqla alındı.
Sərgi martın 1–dək davam edəcək.