Azərbaycan haqqında həqiqətlərin bütün dünyada yayılmasında mühüm rol oynayan “İRS-MYRA” beynəlxalq jurnalının qazax dilində növbəti nömrəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində ölkəmizin, o cümlədən Qarabağın mədəniyyəti, qədim tarixi, Ermənistanın işğalçı siyasəti və onun məkrli nəticələri, İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar haqqında məlumatlar yer alıb.
Qazaxıstan Respublikası Parlamenti Məclisinin Xarici Əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Ayqul Kuspanın “Azərbaycan qeydləri” məqaləsində parlamentin nümayəndə heyətinin sentyabr ayında Azərbaycana və Qarabağa səfəri haqda təəssüratlarını bölüşüb. Qarabağda aparılan quruculuq işləri barədə geniş məlumat verib.
Bundan başqa Almas Altayın “Azad Qarabağ: Türk dünyasının ortaq qələbəsi” adlı məqalədə Azərbaycanın 2020-ci ildə cəmi 44 gün davam edən müharibədə parlaq Qələbəsindən sonra yeni geosiyasi vəziyyətin formalaşmasından bəhs edir.
Nurgeldi Əbdiğaniulı “Bül-bül gülü, həm də azad Şuşa” adlı məqalədə isə 44 günlük müharibədə Azərbaycan Ordusunun ədaləti bərqərar etməsi işğal atında olan torpaqların və əsası Azərbaycan ədəbiyyatının və mədəniyyətinin qızıl beşiyi, sevimli paytaxtı Şuşanın azad edilməsi qeyd edilib.
Jurnalda dərc edilən rusiyalı alim, tarix elmləri namizədi Oleq Kuznetsovun “Qarabağ: Hərb və sülh” məqaləsində Azərbaycanın işğal olunmuş ərazilərində maddi mədəniyyət abidələrimizin ermənilər tərəfindən dağıdılması oxucuların diqqətinə çatdırılır.
Qazaxıstan M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun baş direktoru Kenjexan Matıjanov “Nizami aləmi” adlı Nizami Gəncəviyə həsr edilmiş məqaləsi bir daha böyük Azərbaycan şairi və mütəfəkkirinin əsərləri və ölməz ideyaları haqqında məlumatları qazax dilində oxucuların diqqətinə çatdırır.
Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseyit Tüymebayevin “Zirvələrə yüksələn qardaş ölkə” adlı məqaləsində ölkələrimizin müstəqillik illərində tarixi dostluqdan strateji müttəfiqliyə gedən yolda qazandığı uğurlardan bəhs olunur.