Bu gün görkəmli yazıçı Manaf Süleymanovun anadan olmasının 110-cu ildönümü tamam olur
Əməkdar mədəniyyət xadimi Manaf Süleymanovun adı çəkiləndə istər-istəməz dərhal yadımıza “Eşitdiklərim, oxuduqlarım, gördüklərim...” adlı kitabı düşür. Sağlığında iki dəfə nəşr edilmiş bu kitab oxucular arasında böyük əks-səda doğurdu. Uzun illər bilmədiyimiz, əslində bizdən gizlədilən elə həqiqətlər, məlumatlar, hadisələr var idi ki, biz onu ilk dəfə məhz bu kitabda oxuduq. Əsər 1984-cü ildə “Azərbaycan” jurnalında dərc edildi və ədəbi ictimaiyyətdə böyük rəğbət yaratdı. Əsərin maraqla qarşılanmasına səbəb birdən-birə bilmədiklərimizin üzə çıxması oldu. 1987-ci ildə isə kitab halında oxuculara çatdırıldı. Burada Bakının qədim keçmişindən, inqilab dövründə “neft səltənətində” baş verən hadisələrdən, paytaxtımızın qarışıq günlərindən, düçar olduğu bəlalardan, daşnakların şəhər sakinlərinin başına açdığı oyunlardan və s.-dən bəhs edilirdi. Bir həqiqəti də deyək ki, Manaf Süleymanov bu kitabı ilə o vaxt ən çox oxunan, sevilən yazıçılardan birinə çevrildi. Təsəvvür edin ki, yeni nəşr 50 min tirajla çap edilsə də, kitab mağazalarında tapılmırdı. 1989-cu ildə görkəmli yazıçıya şöhrət qazandırmış “Eşitdiklərim, oxuduqlarım, gördüklərim...” kitabı 70 min tirajla yenidən çap edildi.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı Manaf Süleymanovun anadan olmasının 110-cu ildönümü tamam olur.
Manaf Süleymanov 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Pedaqoji təmayüllü 18 nömrəli Bakı şəhər məktəbini bitirib, sonra Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını alıb. Əmək fəaliyyətinə Qaradağ Neft-Qaz Mədənləri İdarəsində mühəndislikdən başlayıb. Azərbaycan Sənaye İnstitutunda “Neft-qaz yataqlarının geoloji axtarışı” kafedrasının dosenti olub.
Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlayıb. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış etmiş, bəzən onları “Fərəcoğlu” imzası ilə çap etdirmişdir.
Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y.A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olublar.
Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, 1918-1920-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirmişdir. Bu kitabların yazılmasında o, keçmiş SSRİ-nin və Azərbaycandakı Dövlət Arxivlərində 30 ilə yaxın çalışıb, qiymətli sənədlər əldə edərək gələcək nəsillərə qiymətli tarix, zəngin ədəbi irs toplayıb. Bütün bu sənədləri Manaf Süleymanov 1988-ci ildən başlayaraq vaxtaşırı Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizəyə təqdim edb. Sənədlər əsasında onun 636 saylı şəxsi fondu yaradılıb. Şəxsi fondundakı sənədlər nəşr olunan kitablarının müxtəlif variantlarından, xatirələrindən, qeydlərindən, məktublarından ibarətdir.
Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb yaradıb. Onun əsərlərinin ilk əlyazmaları sözsüz doğma Azərbaycan dilindədir, lakin ərəb əlifbasındadır. M.Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri, fotoşəkilləri də şəxsi fondunda olan maraqlı sənədlərdəndir. "Şagirdlik illərim" adlı xatirəsi daha maraqlıdır. "Azərbaycan diyarı. Lahıc" ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir.
Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin məktubunun surəti və s. arxiv sənədləri də qorunur.
Romanları, povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilib.
Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat edib.