Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının xidmət şöbəsinin müdiri Y.Babayeva "Şəhidlər ölməz" adlı videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şəhid Ağabala İlqar oğlu Ağayevə həsr edilən videoçarxda şəhidin ömür və şərəfli döyüş yoluna geniş nəzər salınıb.
Ağabala Ağayev 1997-ci il martın 3-də Azərbaycanın Şabran rayonunun Çölquşçu kəndində anadan olub. O, həmin kənddə orta təhsilini alıb. Ağabala Ağayev 2015-ci ildə hərbi xidmətə yollanıb. Kiçik çavuş olan A.Ağayev MAXE hərbi qulluqçusu vəzifəsində çalışıb. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ağabala Ağayev Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 13-də, 23 yaşında Füzuli-Cəbrayıl istiqamətində şəhid olub. Ağabala Ağayev oktyabrın 14-də Çölquşçu kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ağabala Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Videoçarx kitabxananın sosial media hesabları üzərindən paylaşılıb.