Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 Mart - Milli Teatr Günü münasibətilə “Hər yerdə teatr” adlı maraqlı layihə həyata keçirilib.
Ölkəmizdə teatr sənətinin populyarlaşdırılmasını və milli teatrın daha geniş auditoriya arasında təbliğini əsas məqsəd kimi qarşıya qoyan layihə çərçivəsində insanların sıx toplaşdığı məkanlarda – “İçərişəhər” metrostansiyasının vestibülündə nümayiş olunan səhnəciklər şəhər sakinlərinə əsl teatr bayramı yaşadıb.
Mədəniyyət Nazirliyinin sektor müdiri Könül Cəfərova AZƏRTAC-a müsahibəsində bildirib ki, xalqımızın zəngin teatr ənənələri, tarixi minilliklərə uzanan xalq oyun-tamaşa mədəniyyəti var. Xalq yaradıcılığında, aşıq sənətində, dastanlarda rüşeym şəklində mövcud olan teatr ənənələri əsrlərin sınağından çıxaraq, böyük inkişaf yolu keçib və bu günə qədər qorunub: “Azərbaycanda Avropa tipli peşəkar teatrın yaranması 1873-cü ilin 10 mart tarixinə təsadüf edir. Teatr tarixindən məlumdur ki, həmin gün Bakıda gimnaziya şagirdlərinin ifasında M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümayiş olunub və bununla ölkədə peşəkar milli teatrın əsası qoyulub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi dövlət səviyyəsində qeyd olunur”.
Onun sözlərinə görə, artıq rəsmi şəkildə 9 ildir ki, 10 mart tarixinin Milli Teatr Günü kimi qeyd olunmasına baxmayaraq, teatr sənətçilərinin peşə bayramı daha çox sənət adamlarını əhatə edir və geniş auditoriya hələ də belə bir bayramın varlığından xəbərsizdir. Çünki teatrlarımız, bir qayda olaraq, Milli Teatr Gününü kompakt şəkildə qeyd edir, həmin gün “Açıq qapı” günləri təşkil edilir, teatr işçilərinin peşə bayramına həsr olunmuş müxtəlif lokal tədbirlərlə kifayətlənirlər: “Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə teatr sənətçilərinin peşə bayramı münasibətilə həyata keçirilən “Hər yerdə teatr” layihəsi 10 Mart - Milli Teatr Gününün daha geniş və müxtəlif tərkibli auditoriyaya çatdırılmasını hədəfləyir”.
Tədbirdə Akademik Musiqili Teatrın “Paris Notr-Dama ithaf” və “Arşın mal alan” tamaşalarından parçalar nümayiş olunub, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 2-ci kurs tələbələrinin ifasında səhnəcik göstərilib.
“Hər yerdə teatr” layihəsi sosial şəbəkələrdə geniş rezonans doğurub. Layihə nəticəsində sosial şəbəkələrdə #həryerdəteatr və #MilliTeatrGünü həşteqləri ilə çoxlu paylaşımlar edilib.
Qeyd edək ki, tədbir “Gənclik Mall” ticarət və əyləncə mərkəzində davam edəcək.
Zaur Mirzəzadənin baş prodüseri olduğu layihənin əsas tərəfdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “Gənclik Mall” və “Bakı Metropoliteni” QSC-dir.