Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimovun bu ölkənin mədəniyyət naziri xanım Hayfa Əl-Nəccar ilə keçirdiyi görüşündə iki dost ölkə arasında mədəni əlaqələrin perspektivləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, iordaniyalı nazir iki ölkənin xalqları arasında ortaq tarixi və mədəni əlaqələrin mövcud olduğunu qeyd edib və mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu bildirib. O əlavə edib ki, hər iki ölkənin uyğun hökumət strukturları mədəniyyət sahəsində kreativ yanaşmanın dəstəklənməsi, həmçinin innovasiyaların tətbiqi üzrə daha sıx əməkdaşlıq edə bilərlər.
Səfir E.Səlimov Azərbaycanın incəsənət ustaları və kollektivlərinin İordaniyada keçirilən bir sıra festivallarda fəal iştirak etdiklərini diqqətə çatdırıb, birgə mədəniyyət həftələrinin təşkili ənənəsinin davam edəcəyini qeyd edib.
İordaniyalı nazir Azərbaycanın səfirini qədim İrbid şəhərinin 2022-ci ildə “Ərəb Mədəniyyət Paytaxtı” elan olunması çərçivəsində keçiriləcək tədbirlərdə iştiraka dəvət edib.